Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi inzibati məsuliyyət yaradacaq
Xəbərlər » Ölkədə / (26-12-2011, 14:32)

Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi inzibati məsuliyyət yaradacaq. Millət vəkili Çingiz Qənizadə bazar ertəsi Trend-ə bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 200-1-ci maddə əlavə edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Layihədə qeyd olunur ki, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi dedikdə hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumların dövlət reyestrinə daxil edilməsi zamanı müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsi nəzərdə tutulur.

Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyesterdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı da yanlış məlumatların verilməsi inzibati məsuliyyət yaradacaq.

Bu pozuntuya yol verən fiziki şəxslər yeddi yüz manat, hüquqi şəxslər isə dörd min manat miqdarında cərimə olunacaqlar.

Millət vəkili bildirib ki, parlament "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyi də nəzərdən keçirəcək.

Dəyişiklikdə hüquqi şəxslərin dövlət qeydiyyatının rüsumsuz aparılması nəzərdə tutulur. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı