Azərbaycan-Rusiya sərhədi avtomobil yolunda hərəkət məhdudlaşıb
Xəbərlər » Ölkədə / (7-02-2012, 10:50)

 

Azərbaycan-Rusiya sərhədi avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Qusar rayonu ərazisində, Rusiya ilə sərhəddə güclü qar yağdığından yolda qar və buz örtüyü yaranıb, hərəkət çətinləşib. Əliyev deyib ki, respublikanın digər rayonlarına gedən yollarda buz örtüyü olsa da, avtomobillərin hərəkəti üçün ciddi problem yaranmayıb.
Şöbə rəisinin sözlərinə görə, yalnız Ağsu aşırımında müəyyən problemlər var, hərəkət çətinləşib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini, buzlu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkətini məsləhət görür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Bu gecə və sabah gün ərzində çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Kəskin hava şəraitinin fevralın 9-u səhərə qədər davam edəcəyi proqnozlaşdırılır. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı