Bakının dəmiryol vağzalı və avtovağzalı normal rejimdə fəaliyyət göstərir
Xəbərlər » Ölkədə / (7-02-2012, 11:04)

Azərbaycanda dəmiryol reysləri cədvəl üzrə həyata keçirilir. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. "Hələki vəziyyət normaldır və qatarlar plan üzrə hərəkət edir", - Əzməmmədov bildirib. Onun sözlərinə görə, Bakı dəmiryol vokzalında problemlər müşahidə olunmur.

Bakı Beynəlxalq Avtovağzalından çərşənbə axşamı Trend-ə bildirilib ki, beynəlxalq və şəhərlərarası reyslər üzrə hərəkət edən avtobuslar bu gün xəttə çıxıblar.

"Sərnişinlərin olacağı təqdirdə avtobuslar marşrut üzrə hərəkət edəcəklər", - avtovağzaldan qeyd edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Bu gecə və sabah gün ərzində çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Kəskin hava şəraitinin fevralın 9-u səhərə qədər davam edəcəyi proqnozlaşdırılır.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı