57 660 məzunun elektron ərizəsini TQDK avtomatik təsdiqləyəcək
Xəbərlər » Ölkədə / (24-06-2011, 14:59)

Azərbaycan Təhsil Nazirliyi builki orta məktəb məzunlarının attestat bazasını bu gün axşam Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim etməyi nəzərdə tutur. Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, attestat bazası bu gün onlara təqdim edilsə, Komissiya bu ilin məzunlarının attestat qiymətlərini abituriyentlərin elektron ərizələrinə daxil edə biləcək. Əvvəlki illərin məzunlarının ərizələrinə attestat qiymətləri daxil edildiyi üçün onların elektron ərizələri artıq təsdiqlənib.

TQDK sədri deyib ki, bu il ali və orta ixtisas məktəblərinə sənəd verən 110 mindən çox abituriyentin 63 150-si bu ilin məzunudur.

"Builki məzunlardan 58 720-si ərizəsində şagird kodunu göstərib. Amma onlardan 860-ı şagird kodunu səhv qeyd edib. Onlar buna görə yenidən Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər. Azərbaycanın bəzi ərazilərində - Naxçıvanda, Zaqatalanın bəzi məktəblərində buraxılış imtahanları keçirilmir. Buna görə də həmin ərazilərin 4 430 məzunu bu il mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verməyib. Bu səbəbdən onların elektron ərizələrində şagird kodu göstərilməyib. 57 660 abituriyentin ərizəsi TQDK tərəfindən avtomatik təsdiqlənəcək", - Abbaszadə bildirib. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı