Azərbaycanın nazirlikləri ərzaq təhlükəsizliyi probleminə ciddi yanaşmalıdırlar. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov çərşənbə günü Bakıda ərzaq təhlükəsizliyi ilə bağlı keçirilən seminarda çıxışı zamanı deyib. "Bu gün ölkə başçısı İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, Azərbaycan ərzaq qıtlığı problemi ilə rastlaşmayıb. Amma bu o demək deyil ki, həmin problemə səthi yanaşmaq lazımdır. Heç bir ölkə ərzaq qıtlığı təhlükəsindən sığortalanmayıb", - Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bir neçə ay öncə ərzaq təhlükəsizliyi ilə bağlı monitorinq aparılıb. Həsənov deyib ki, Azərbaycan hökuməti bu cür monitorinqin mütəmadi aparılmasında maraqlıdır.
Baş nazirin müavini dünyanın bir çox ölkələrində ərzaq qıtlığı probleminin olduğunu qeyd edib və bildirib ki, ölkəmiz hər zaman öz imkanlarına arxalanmalı, eyni zamanda mütərəqqi dünya təcrübəsindən də istifadə etməlidir.
BMT-nin məlumatına görə, bu gün dünyada 1 milyard insan aclıqdan və az qidalanmadan əziyət çəkir. /Trend/