2016-cı ildək yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə tədbirlər planı müəyyən edilib
Xəbərlər » Ölkədə / (29-06-2011, 16:22)

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) çərçivəsində 5 istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulur. Bunlar makroiqtisadi sabitlik və iqtisadi artım; məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi; insan kapitalının inkişafı və sosial tərəqqi; institusional siyasət və səmərəli idarəetmə; iştirak və monitorinq istiqamətləridir. Trend-in məlumatına görə, Tədbirlər Planı çərşənbə günü rəsmi mətbuatda dərc edilib.

Birinci istiqamət üzrə büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, vergilərin yığım səviyyəsinin artırılması, Xarici-iqtisadi fəaliyyətdə tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi, xüsusilə idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin (2011-2012-ci illər) təkmilləşdirilməsi, aylıq gəlirləri yaşayış minimumundan çox olmayan fiziki şəxslərin (2011-2015-ci illər) gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

2011-2015-ci illərdə dövlət büdcəsi xərclərinin sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları işinin səmərəliliyinin artırılması, mоnitоrinq sisteminin təkmilləşdirilməsi, elektrоn satınalmaların təşkili ilə əlaqədar tədbirlərin görülməsi, yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakının dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. 2016-cı ilədək müəssisə və təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid prosesinin başa çatdırılması planlaşdırılır.

Bundan başqa, inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə metodlarından fəal istifadə olunması, strateji valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) dövlət tərəfindən tənzimlənməsi, tariflərinə (qiymətlərinə) dövləttənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması üzrə də tədbirlər görüləcək.

Azərbaycanın bank sektorunun inkişaf etdirilməsi üçün 2011-2015-ci illərdə bank sisteminin kapitallaşmasının davam etdirilməsi, bank nəzarətinin təkmilləşdirilməsi, bank şəbəkəsinin regionlar üzrə genişləndirilməsinin təşviq olunması, tikinti-əmanət banklarının yaradılması işinin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinin dəstəklənməsi, ipoteka kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsi, poçt əmanət sisteminin, elektron ödəniş sisteminin inkişaf etdirilməsi inkişaf etdirilməsi planlaşdırılır.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün vahid qanunun (2011-2012-ci illər), sekyuritizasiya haqqında qanunvericilik bazasının (2011-2013-cü illər) hazırlanması, yerli şirkətlərin Bakı Fond Birjasının listinqinə çıxarılması üçün münbit şəraitin yaradılması və təşviq edilməsi, institusional investorların formalaşdırılmasının təşviq edilməsi, yeni maliyyə alətlərinin buraxılışının stimullaşdırılması və xarici fond birjalarında ticarət olunan qiymətli kağızlara çıxışın genişləndirilməsi planlaşdırılır.

2011-2013-cü illərdə sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, 2011-2015-ci illərdə sığorta işinin təşviqi üzrə tədbirlərin gücləndirilməsi planlaşdırılır.

2011-2013-cü illərdə qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsini stimullaşdırmaq üçün təkiliflər paketi hazırlamaq, Rəqabət Məcəlləsinin qəbul olunması üçün tədbirlərin həyata keçirilməsi; sənaye zonasının yaardılması (2011-2015-ci illər), özəlləşdirilməyə açılmış rabitə, maşınqayırma, kimya, turizm, kənd təsərrüfatı, tikinti, kommunal və infrastruktur sahələrində müəssisələrin özəlləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi ( 2011-2015-ci illər), yanacaq-energetika kompleksinə aid müəssisələrin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi (2011-2015-ci illər) palnlaşdırılır.

2016-cı ilədək aqrosənaye kompleksi, informasiya və kommunikasiya texnologiyaları, sənaye və energetika, turizm sahələrinin inkişafı üçün tədbirlərin görülməsi nəzərdə tutulur.

Tədbirlər planının ikinci istiqaməti çərçivəsində məşğulluq sisteminin inkişaf etdirilməsi və işsizlərin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə əmək, məşğulluq və əmək miqrasiyası sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi (2011-2012-ci illər), əmək və məşğulluq sahəsində vahid informasiya bazasının yaradılması (2011-2012-ci illər), Dövlət Məşğulluq Xidmətində idarəetmə sisteminin təkmilləşdirilməsi və potensialının artırılması (2011-2013-cü illər), işsizliyə görə verilən müavinətlərin, eyni zamanda peşə hazırlığı, əlavə təhsil vaxtında müəyyən olunmuş təqaüdün minimum məbləğinə yenidən baxılması nəzərdə tutulur.

2016-cı ilədək hökumət əmək bazarının monitorinqi prosesinin gücləndirilmək, əmək bazarının mövcud vəziyyətinin, məşğulluq və işsizlik səviyyəsinin müəyyənləşdirilməsi üzrə müvafiq tədqiqatların aparmaq, əmək miqrasiyası sahəsində idarəetmə sisteminin təkmilləşdirmək, ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər sistemini, sığorta-pensiya sistemini təkmilləşdirmək niyyətindədir.

2012-2013-cü illərdə dövlət qurumları qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması üzrə təkliflər hazırlamalıdırlar.

Üçüncü istiqamətə təhsilin sisteminin və keyfiyyətinin yaxşılaşdırılması, səhiyyənin inkişafı və onun maddi-texniki bazasının gücləndirilməsi, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və maliyyələşmə sahəsində islahatların aparılması, ekoloji mühitin, su təchizatı sisteminin yaxşılaşdırılması, müxtəlif milli parkların yaradılması; gender və gənclər siyasətinin aparılması daxildir.

Dördüncü istiqamət çərçivəsində 2011-2013-cü illərdə "Elektron hökumət"in tətbiqinə, elektron xidmətlərin təqdim edilməsinə əlverişli zəmin yaradacaq mərkəzləşdirilmiş elektron informasiya sisteminin yaradılması, dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi (2011-2015-ci illər), korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi (2011-2015-ci illər), bələdiyyələrin davamlı inkişafının təmin edilməsi planlaşdırılır.

Beşinci istiqamət məşğulluq və işsizlik sahəsində monitorinqin təkmilləşdirilməsini, QHT sektorunun davamlı inkişafının təmini, təhsil almaq imkanlarının, təmiz sudan istifadə imkanlarının, məcburi köçkünlərin yaşayış səviyyəsinin monitorinqi nəzrdə tutulur. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı