Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) üzvü olan Azərbaycanda Regional İnkişaf Mərkəzi Fondunun coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılovun və iqtisad elmləri üzə fəlsəfə doktoru Vurğun Süleymanovun müəllifliyi ilə “Müstəqil Azərbaycan 20 il ərzində” kitabı işıq üzü görüb. APA-nın məlumatına görə, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən kitabda Azərbaycan iqtisadiyyatının son 20 il ərzindəki inkişaf dinamikası cədvəl və diaqramlar vasitəsilə şərh olunur.
Kitabda Azərbaycanda ötən dövr ərzində ÜDM istehsalının həcmi, inflyasiyanın dinamikası, büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi, xarici dövlət borcu, əsas kapitala yönəldilən investisiyalar, xarici və daxili investisiyaların dinamikası, Dövlət Neft Fondu vəsaitinin, neft və qaz hasilatı, elektroenerji istehsalının artım dinamikası və bir sıra digər göstəricilər əksini tapıb. Nəfis tərtibatla çap edilmiş kitab mütəxəssislər, politoloqlar, jurnalistlər, ali məktəb tələbələri, bir sözlə, geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab olunur.