Bakıda “XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti” adlı beynəlxalq konfrans keçirilir
Xəbərlər » Ölkədə / (3-10-2011, 12:43)

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) tərəfindən “XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti” adlı beynəlxalq konfrans təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən TürkPA-nın baş katibi Ramil Həsənov konfransın əhəmiyyətindən, dövlət müstəqilliyi tarixində Azərbaycan qadınlarının cəmiyyətdəki rolunun inkişafından danışıb. Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, qarşıda duran problemlərin həlli üçün qadınlar daha aktiv olmalıdır: “Qadınlar ərazi bütövlüyü, ailə, uşaq hüquqları ilə bağlı problemlərin həllinə daha həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar. Qadınların həm siyasətdə, həm ictimai həyatda rolu artır”.
B. Muradova türk birliyinin uğurlarına da diqqət çəkib: “Zaman artıq türk birliyinin, dilinin, mədəniyyətinin dünyada yeni səviyyəyə qalxmasına şahidlik edir”.
Türkiyənin ailə və sosial məsələləri naziri Fatma Şahin çıxışında deyib ki, türklərin ortaq tarixinin fonunda ortaq gələcəyi də var: “Türk cümhuriyyətlərində qadınların ən böyük uğuru onların təhsilə açıq olmasıdır. Türk dövlətlərində alim, millət vəkili qadınların çoxluğu buna sübutdur. Güclü cəmiyyət istəyiriksə təhsili yoxsulluğa qurban verməməliyik”.
F. Şahin Dağlıq Qarabağ probleminin bütün türk qadınları üçün ortaq məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qarabağda yaşananlara heç bir türk qadını biganə qala bilməz: “Azərbaycanın taleyi bizim taleyimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir”.
Azərbaycanın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycanın həyatında elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın: “Qadınlar Azərbaycanda ictimai-siyasi proseslərdə fəal iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunur, səhiyyədə, təhsildə, idmanda, orduda çalışırlar. Biz çalışmalıyıq ki, qadınların inkişafa, yeni sahələrə yiyələnməyə marağı artsın. Artıq gender anlayışı yeni səviyyəyə çıxır. Qadınlar üçün daha böyük imkanlar yaradılmalıdır ki, onlar öz potensialından geniş istifadə etsinlər”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı