Azərbaycanda yaşayan əməkçi miqrantların sayı bu günə 9 147 nəfər təşkil edir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev bildirib. Onun sözlərinə görə, son illər miqrasiya sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi və əmək miqrasiyası proseslərinə dövlət nəzarətinin gücləndirilməsi qeyri-qanuni əmək miqrasiyası hallarının ciddi surətdə azalması ilə nəticələnib.
R.Tağıyev Azərbaycanda çoxsaylı iş yerlərinin yaradılması, şəffaf və əlverişli biznes mühitinin təmin olunması və ictimai-siyasi sabitliyin xarici ölkələrdən Azərbaycana əmək fəaliyyəti göstərmək üçün gələnlərin sayının artması ilə müşayiət olunduğunu bildirib: “Lakin müəyyən kateqoriya əcnəbi şəxslər də var ki, onlar burada əmək fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, qanunvericiliyə əsasən əməkçi miqrant hesab edilmirlər. Belə ki, milli qanunvericiliyə əsasən, işəgötürənlərin işə cəlb etdikləri əcnəbi şəxslər əməkçi miqrant hesab edilirlər. Ölkədə qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin bir qismi öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun leqallaşdırıb, bir çox əcnəbilərlə bağlı isə aidiyyəti dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülüb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidməti öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlər həyata keçirməkdədir”. /APA/