Bu günə qədər Azərbaycanda 1000-ə yaxın orta məktəb geniş zolaqlı internetə qoşulub. Bu da ölkə üzrə orta məktəblərin 1/4-ni təşkil edir. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, bu günə kimi 70 min müəllim informasiya kommunikasiya texnologiyaları sahəsində təlim keçib, sertifikat alıb. Onun sözlərinə görə, “İnformasiya kommunikasiya texnologiyaları təhsildə” Dövlət Proqramı həyata keçirilib. Bu sahədə ikinci dövlət proqramının hazırda həyata keçirildiyini deyən nazir yaxın vaxtlarda üçüncü proqram təsdiq olunacağını açıqlayıb.
M. Mərdanov jurnalistlərin suallarına cavab olaraq bu qış mövsümündə məktəblərdə istilik sistemi ilə bağlı problemlərin olmayacağını deyib./APA/