Sabah Azərbaycanda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanları başlayır
Xəbərlər » Ölkədə / (18-10-2011, 14:38)

Sabah Azərbaycanda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanlarına start veriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, AMEA-nın elmi təşkilat və müəssislərində doktoranturaya ixtisas fənləri üzrə imtahanlar oktyabrın 19-da başlayacaq və 25-nə qədər davam edəcək. Oktyabrın 26-dan isə AMEA-nın tabeliyində olan doktoranturalara fəlsəfə və xarici dil fənlərindən qəbul imtahanlarına başlanacaq. Doktoranturaya qəbul imtahanları noyabr ayında başa çatacaq. A. Həşimov qeyd edib ki, AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 yerə qarşı 478 nəfər sənəd verib.
Təhsil Nazirliyinin (TN) tabeliyində olan ali məktəblərin doktoranturalarına isə qəbul imtahanları oktyabrın 20-dən başlayacaq. TN-nin elm şöbəsinin müdiri Gültəkin Hüseynova APA-ya bildirib ki, təhsil nazirinin əmrinə əsasən nazirliyin tabeliyində olan ali məktəblərin doktoranturalarına qəbul imtahanları oktyabrın 20-dən noyabrın 20-dək keçiriləcək: “Qəbul imtahanları bütün ali məktəblərdə eyni vaxtda başlamayacaq. Ümumilkdə qəbul imtahanları 19 ali məktəbdə keçiriləcək. Bunlarla yanaşı, ali məktəblərin dissertanturalarına müsahibələr də aparılacaq”.
AMEA sistemindən fərqli olaraq, bu il TN sistemində olan ali məktəblərin doktoranturalarında ödənişli təhsil də tətbiq olunacaq: “AMEA sistemində bu il ödənişli təhsil tətbiq olunmadı. Onlar doktoranturalara gənclərin daha çox gəlməsini təmin etmək üçün bu addımı atdılar. Amma ali məktəblərin doktoranturalarına gələn çoxdur. Ona görə də ödənişsiz təhsillə yanaşı, ödənişli təhsil də tətbiq edilib. Bu, doktoranturaya qəbul qaydalarında da nəzərdə tutulub”.
Şöbə müdiri deyib ki, bu il TN sistemində doktorantura və dissertanturaya ümumilkdə fəlsəfə doktoru proqramı üzrə 500 nəfərin qəbulu nəzərdə tutulur. Onlardan 294 nəfəri dövlət sifarişi, 206 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Elmlər doktoru proqramı üzrə isə doktoranturaya 68 nəfərin qəbulu nəzərdə tutulub. Onlardan 15 yer ödənişli, qalanları dövlət sifarişli yerlərdir. Doktoranturada ödənişli təhsilin qiymətinə gəlincə, G. Hüseynova deyib ki, bu, ali məktəblər tərəindən tənzimlənəcək. Ali məktəblər doktoranturaya qəbul olan şəxslərlə müqavilə bağlayacaq. Doktoranturada ödənişli təhsil haqqı minimum 600 manatdan başlayacaq./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı