“Dağlıq Qarabağ probleminin BMT-də müzakirəyə çıxarılması məsələsini Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə müzakirə edəcəyik”
Xəbərlər » Ölkədə / (26-10-2011, 16:05)

“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi Azərbaycan xalqının qələbəsidir”. APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze ilə birgə keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, bu qələbə Azərbaycana səs verən ölkələrin ölkəmizi dəstəkləməsinin göstəricisidir.  Azərbaycanın Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi Qarabağ problemi ilə bağlı qurumda müzakirələr aparılmasına təsir edə bilərmi” sualına nazir belə cavab verib: “Hansısa təşəbbüsü müzakirəyə çıxarmaq üçün əvvəlcə şuranın beş daimi üzvünün dəstəyi olmalıdır. Onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Bu məsələni beş daimi üzvlə müzakirə etməmişik, amma edəcəyik”.
E. Məmmədyarov deyib ki, Azərbaycan BMT TŞ-yə iki dəfə sədrlik edəcək, bu gələn ilin may ayında və 2013-cü ilin sentyabrında olacaq: “Biz belə nüfuzlu bir yerdə sədr olmaq üçün hazırlıq görməliyik”.
Öz növbəsində, Q. Vaşadze Azərbaycanı bu qələbə münasibəti ilə təbrik edib: “Belə bir tarixi anda Bakıda olduğuma görə çox şadam. Azərbaycan diplomatiyası qalib gəlmək üçün çox böyük iş apardı”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı