Oktyabrın 25-dən başlayan intensiv yağışlar nəticəsində Azərbaycanın cənub rayonlarının çaylarında suyun səviyyəsi xeyli artıb. Bu barədə APA-nın Cənub bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsinin rəisi Cavid Hüseynov məlumat verib. Onun sözlərinə görə, ən çox yağıntı Lənkəran və Masallı rayonlarında qeydə alınıb. Belə ki, üç gün müddətində bu rayonlara 140 mm - aylıq normanın 55 faizi miqdarında - yağış yağıb. Bu isə çaylarda və kanallarda sululuğun səviyyəsinin artmasına səbəb olub. Lənkərançay, Viləşçay, Veravul, Girdəni, Boladi çaylarında suyun səviyyəsi 2 metrə kimi artsa da, daşqın ehtimalı gözlənilmir. C. Hüseynov bölgədə yağmurlu hava şəraitinin oktyabrın sonunadək davam edəcəyini bildirib. /APA/