Oktyabr ayının son günlərində Lənkəran-Astara bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda sululuğun kəskin artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 250-300, Böyük Qafqaz çaylarında 75-170, Kiçik Qafqaz çaylarında 95-120, Naxçıvan MR çaylarında isə normanın 80-90 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 158 kubmetr/saniyə, yəni ongünlük normanın 96 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 85,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 93 faizidir.
Son dörd gün ərzində yağan yağışlarla əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artımı nəticəsində Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 64, Şirvanda 115, Bankədə 30, Salyanda 88, Araz çayının Novruzlu məntəqəsində isə 120 santimetr artıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 548 Şirvanda 440, Salyanda, Bankədə 299, Araz çayının Novruzlu məntəqəsində isə 295 santimetr təşkil edir. /APA/