Vaşinqtonda “Cənubi Qafqaz müstəqillik qazandıqdan 20 il sonra” adlı konfrans keçirilir
Xəbərlər » Dünyada / (29-11-2011, 11:32)

Vaşinqtonda “Cənubi Qafqaz müstəqillik qazandıqdan 20 il sonra” adlı iki günlük konfrans keçirilir. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, konfransda ABŞ-ın Azərbaycanda, Ermənistanda və Gürcüstanda keçmiş səfirləri Riçard Kozlariç, Con İvans və Kennet Yalovits, həmçinin bir sıra alimlər, jurnalistlər, Bakı, İrəvan və Tiflisdən olan vətəndaş cəmiyyəti fəalları iştirak edirlər.  Karnegi Beynəlxalq Sülh Fondunda təşkil olunmuş tədbir 20 illik müstəqillik dövrünün dərsləri, Cənubi Qafqaz ölkələrində dövlət quruculuğu və regionun ən yaxşı inkişaf yolu kimi məsələlərin müzakirəsinə həsr olunub.
“Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqaz ölkələri uzun müddət keçid dövründə qala bilməz. Azərbaycan, Ermənistan və Gürcüstan fəaliyyətdə olan suveren dövlət qurub. Amma onların Avropa Birliyinin demokratik ölkələri, yaxud Asiyanın qalxmaqda olan iqtisadiyyatı ilə nə dərəcədə müqayisə oluna biləcəkləri sual doğurur”, - deyə tədbirin Karnegi Fondundan olan moderatoru Tomas de Vaal bildirib.
O əlavə edib ki, regionda hələ də Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələri həll olunmamış qalır: “Buna baxmayaraq, dövlət quruculuğu davam edir və rəy sorğuları göstərir ki, insanların əksəriyyətini münaqişələrdən daha çox iqtisadi məsələlər düşündürür”.
Konfrans iştirakçılarının əksəriyyəti isə etiraf ediblər ki, dondurulmuş münaqişələr regional əməkdaşlığa mane olan əsas problemdir.
Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Elnur Soltanov Azərbaycan haqqında danışıb, bildirib ki, bütün maneələrə, xüsusilə də Ermənistanla müharibəyə baxmayaraq, Azərbaycan hökuməti balanslaşdırılmış xarici siyasət yürütməyə, iqtisadi sabitlik yaratmağa, bununla da, irəliləyişə müvəffəq olub.
Konfrans bu gün işini davam etdirəcək. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı