Dekabrın 14-də Brüsseldə Avropa Siyasəti Mərkəzinin, Avrasiya Əməkdaşlıq və “Robert Bosch Stiftung” fondlarının birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təsir qazanmaq uğrunda mübarizə: Avropa İttifaqının rolu nədir?” mövzusunda konfrans keçiriləcək. Tədbirdə Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin eksperti Zaur Şiriyev Aİ-Azərbaycan əlaqələri, regiondakı güclər balansının vəziyyətə təsiri barədə çıxış edəcək.
SAM-dan APA-ya verilən xəbərə görə, konfransa Avropa Siyasəti Mərkəzinin analitiki Amanda Pol, “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Ceyms Niksi, Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Corc Zarubin, Qafqaz Tədqiqat Resurs Mərkəzləri proqramının(QTRM) regional direktoru Hans Qutbrod və digər ekspertlər də qatılacaq.
Tədbirdə Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiya hədəfləri, bu istiqamətdəki problemlər, Avropa İttifaqının region siyasətinin xüsusiyyətləri və digər regional aktyorların rolu müzakirə ediləcək. /APA/