“Amnesty İnternational” “Ölümə alışqanlıq” adlı yeni hesabat yayıb. APA-nın məlumatına görə, hesabatda təşkilatın İranda narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsi ilə bağlı həyata keçirilən edamlardan narahatçılıq bildirib və İran hökumətindən edam hökmünün başqa bir cəza ilə əvəz edilməsi istənilib. Hesabatda yazılıb ki, edam narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsinin qarşısını almır və İranda da bu cəzanın tətbiqi problemin həlli deyil. “Amnesty İnternational”ın hesabatına görə, İranda 2011-ci ildə 488 nəfər narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsində ittiham olunaraq edam edilib və bu rəqəm son ildə ümumi edamların 81 faizini təşkil edir. Hesabatda bildirilib ki, bu cəza cəmiyyətin əzilən və yoxsul təbəqəsinə daha çox zərər verir. Bu təbəqəni də əsasən etnik qruplar, əfqanlar və xarici vətəndaşlar təşkil edir. “Amnesty İnternational”ın fikrincə, edam narkotikə qarşı mübarizədə yanlış cəzadır və insan haqlarının pozulmasıdır. Qeyd edək ki, statistik məlumatlara görə, İranda 2 milyon narkoman var və bu ölkə dünyanın ən böyük tiryək bazarına çevrilib.