"Şərq Tərəfdaşlığı sammiti qarşılıqlı əlaqələri dərinləşdirmək üçün təkan olacaq"
Xəbərlər » Dünyada / (8-07-2011, 17:58)

""Şərq Tərəfdaşlığı" proqramı üzərində çox iş görülüb. Avropa Birliyinə sədrliyimiz zamanı bu proqramın düzgün istiqamətdə irəliləməsi üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, "Şərq Tərəfdaşlığı" sammiti qarşılıqlı əlaqələri və Avropa Birliyi ilə inteqrasiya prosesini daha da dərinləşdirmək üçün təkan olacaq". APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransda Polşanın Azərbaycandakı səfiri Mixal Labenda deyib. Mətbuat konfransı AB-yə sədrliyin Polşaya keçməsi münasibətilə təşkil olunub.
Səfir Polşanın sədrlik müddətindəki prioritetlərindən danışaraq ölkəsinin devizinin "İnkişaf, təhlükəsizlik və şəffaflıq” olacağını açıqlayıb. M. Labenda xatırladıb ki, ölkəsinin AB üzvü kimi uzunmüddətli planları arasında Türkiyənin təşkilata üzvlüyünü dəstəkləmək də var. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jerom Pons çıxışında sentyabrda Varşavada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinin önəminə oxunub: "Bu, çox vacib məqamdır. Sammit proqramın sonrakı inkişafı üçün təkan olacaq, hər üzv ölkə ilə danışıqları sürətləndirməyə imkan verəcək".
Xatırladaq ki, 1 iyul 2011-ci il tarixində Avropa Birliyi Şurasında rəhbərlik 6 ay müddətinə Polşaya keçib. Polşanın məqsədləri Avropa Birliyinin sürətli iqtisadi inkişafı və birliyin siyasi nüfuzunun artırılmasıdır. Polşa AB-nin xarici və təhlükəsizlik siyasətini dəstəkləyəcək, qurumun genişləndirilməsi, xüsusilə də "Şərq Tərəfdaşlığı" vasitəsilə qonşularla əməkdaşlığı gücləndirmək üçün cəhdlər göstərəcək. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı