Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı edilən əsassız erməni iddialarına qarşı tarixi sənədlərlə cavab verəcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin TRT Haber tekekanalı məlumat verib. Dekabrın 22-də Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.
Fransa parlamentinin bu qərarına cavab olaraq, Ankara Parisə qarşı sanksiyalar tətbiq edib və öz səfirini Fransadan geri çağırıb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə açıqlamasında Fransa parlamentinin bu qərarının və Fransa Prezidenti Nikola Sarkozinin türklərin və müsəlmanların əleyhinə olduğunu bildirib. /Trend/