Neft İxracatçıları Ölkələri Təşkilatının (OPEC) sabiq rəhbəri Şəkib Xəlil Avropaya xəbərdarlıq edib. APA-nın məlumatına görə, o deyib ki, Səudiyyə Ərəbistanı və Fars körfəzi sahilindəki digər ərəb ölkələri İran neftinə sanksiya qoyulacağı təqdirdə, Avropanı neftlə təmin edə bilməyəcək. “İran neftinə embarqo tətbiq olunsa, İranın ən böyük neft alıcısı olan Yaponiya və Avropa Birliyi ehtiyac duyduğu nefti Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmrliklərindən (BƏƏ) təmin etmək məcburiyyətindədir. Ancaq bu ölkələr bazarda 2 mln. 200 min barel İran neftinin olmamasına yalnız qısa bir müddət üçün alternativ ola bilər. Ərəb ölkələri yalnız bir ay İran neftini əvəzləyə bilər, ondan sonra Avropa Birliyi ölkələri öz ehtiyatlarını istifadə etmək məcburiyyətindədir. Bu da ən çox iki aya bəs edər. Neftin azlığı isə qiymətləri yüksəldəcək” - deyə Ş.Xəlil qeyd edib. /APA/