“Biz açıq şəkildə bəyan edirik ki, İrandan neft idxalına sanksiya qoyulacağı təqdirdə, Hörmüz boğazından bir damla da olsun, neft daşınmasına icazə verməyəcəyik”. APA-nın məlumatına görə, belə bir bəyanatla İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədrinin müavini, Tehran şəhərini təmsil edən millət vəkili İsmayıl Kövsəri çıxış edib. O, fəaliyyətlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qərarlarına zidd nəsə varsa, neft sanksiyalarını qəbul etməyə hazır olduqlarını bildirib: Görəsən, İranın dinc məqsədli nüvə fəaliyyətlərinə baxmayaraq, bunlar hansı əsasla neftimizə sanksiya tətbiq etməyə cəhd göstərirlər?”
İ.Kövsəri yaxın günlərdə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrin əsas mövzusunu da açıqlayıb: “Görüşdə iranlı nüvə alimlərinə qarşı həyata keçirilən sui-qəsdlər və AEBA müfəttişlər adı altında İrana göndərdiyi adamlar olacaq. Çünki həmin şəxslərin əsas vəzifələri iranlı elm adamları haqqında məlumatlar toplayaraq, terror təşkilatları və onların arxasında duran dövlətlərin kəşfiyyat xidmətlərinə ötürməkdir. Eyni zamanda görüşdə İrana qarşı tətbiq olunan embarqolar da əsas müzakirə mövzularından biri olacaq”. /APA/