Fransa Senatının Konstitusiya komissiyası uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Senatın müzakirəsinə çıxarılmaması barədə təklifi qəbul edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, komissiya bu gün keçirilən iclasında Milli Assambleyada qəbul olunan qanun layihəsinin qəbuledilməz olduğu qənaətinə gəlib. Təklifin lehinə 23, əleyhinə 9 nəfər səs verib, 8 senator bitərəf qalıb.
Bu təklif yanvarın 23-də Senatın ümumi iclasında müzakirə ediləcək. Təklif Senat tərəfindən də qəbul olunarsa, “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair layihə gündəmdən çıxarılacaq və səsverməyə qoyulmayacaq.
Xatırladaq ki, eyni məzmunlu qanun layihəsi 2011-ci il mayın 4-də bir sosialist senatorun təklifi ilə Senatda müzakirə olunmadan gündəmdən çıxarılmışdı.