Mövlud Çavuşoğlu: “Fransada fikir azadlığına zərbə vuran qanun qəbul olunur, amma heç kim bu ölkəyə təzyiq etmir”
Xəbərlər » Dünyada / (23-01-2012, 16:31)

AŞPA prezidenti Mövlud Çavuşoğlu bu gün Strasburqda keçirdiyi mətbuat konfransında Fransa Senatında qondarma “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə tutan qanun layihəsi ilə bağlı keçirilən səsverməyə münasibət bildirib. APA-nın Avropa bürosunun məlumatına görə, M. Çavuşoğlu bildirib ki, Fransa Parlamenti tərəfindən qəbul edilən qanun layihəsi bu yaxınlarda Senatın Konstitusiya məsələləri Komitəsində müzakirə edilib və bu layihənin Konstitusiyaya zidd olduğuna dair qərar verilib: “Təəssüf doğuran məsələ ondan ibarətdir ki, Avropanın mərkəzində ifadə azadlığı məhdudlaşdırılır. Bu isə hüquqi dövlət, insan haqları, demokratiya kimi təməl prinsiplərə tamamilə ziddir. Əgər Türkiyə, Azərbaycan, Ukrayna, Ermənistan və Rusiya soyqırımı inkara görə qanun layihələrini milli parlamentlərinə təqdim etsəydilər, onlara qarşı hansı təzyiqlərin olacağını təsəvvür etmək belə çətindir. Türkiyədən Cinayət Məcəlləsində 301-ci maddəsinin ləğv olunmasını tələb edirdilər və demokratiya zidd olduğunu deyirdilər. Türkiyə bu maddəni ləğv edəcək. Bu gün Fransada qeyri-konstitusion, qeyri-demokratik, fikir azadlığına zərbə vuran qanun layihəsi qəbul olunur, amma Fransaya bununla bağlı təzyiq edilmir.
Təəssüf ki, istər Avropa Şurası, istərsə də Avropa Birliyi səviyyəsində bu vəziyyəti qəbul etmək mühiti hiss olunmaqdadır. Fransa böyük bir dövlətdir və heç kim ona qarşı bir söz demir. Belə məsələdə ikili standartların olması aydın şəkildə özünü büruzə verir. AŞPA sədri kimi bu məsələyə dair bəyanat verməkdən çəkindim. Çünki bunu sonra AŞPA-nın türk sədrinin verdiyi bir bəyanat kimi təqdim edəcəkdilər. Ümid edirəm ki, AŞPA bu qanun layihəsi ilə bağlı öz mövqeyini bildirəcək və bu qanun qəbul olunmasını istəmədiyini açıqlayacaq”.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı