Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin TÜRKSOY çərçivəsində qeyd edilməsi və 2012-ci ilin həmin təşkilat tərəfindən “Mirzə Fətəli Axundzadə İli” elan edilməsi ilə əlaqədar bu gün Türkiyənin Ankara şəhərində TÜRKSOY təşkilatının qərargahında keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək.
Tədbirdə həmçinin Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY təşkilatının baş katibi Düssen Kaseinov, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri cənab Nikolaz Rurua, AMEA-nın alimləri iştirak edəcəklər. Tədbir zamanı M.F.Axundzadə yaradıcılığına aid kitabların TÜRKSOY təşkilatına təqdim olunması və ədibin həyat və yaradıcılığına həsr edilmiş “Sabahın elçisi” adlı filmin nümayiş etdirilməsi nəzərdə tutulub.
“Mirzə Fətəli Axundzadə İli”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir./APA//