“MDB ölkələri ilə vizasız rejiminin tətbiq olunmamasının siyasi səbəbləri var. Həmin ölkələrə viza rejimi tətbiq edilsə onları itirərik”. APA-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiyanın baş naziri Vladimir Putin Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski ilə görüşündə bildirib. Onun sözlərinə görə, MDB ölkələri vətəndaşlarının Rusiyada yaşaması və işləməsi ilə bağlı problemlər var: “Bu problemlərə baxmayaraq Rusiya MDB ölkələrinə viza rejimi tətbiq etmir. Qanunu pozan MDB ölkələri vətəndaşları ölkədən deportasiya edilir. Lakin onlar müxtəlif yollarla yenə Rusiyaya qayıdırlar. Bir çox dövlət məmurları da onlara dəstək verirlər. Çünki bu onlara sərf edir. Bu problem aradan qaldırılmalıdır. Miqrasiya qanunlarını pozan şəxslər 10 ilə və ya daha uzun müddətə Rusiyaya buraxılmamalıdırlar”.
Qeyd edək ki, Vladimir Putinin bir neçə gün əvvəl Rusiya mətbuatında miqrantlarla bağlı məqaləsi dərc olunub. Həmin məqalədə baş nazir Rusiyada yaşayan miqrantların yerli xalqın adət-ənənələrinə hörmət etmək məcburiyyətində olduqlarını söyləyib. Onun sözlərinə görə, yerli xalqın adət ənənələrinə hörmət etməyən miqrantlar cəzalandırılmalıdırlar. Putin məqalədə 2013-cü ildən sonra miqrantların rus dili, rus tarixi və rus hüququndan imtahan verdikdən sonra ölkədə yaşamağa icazə veriləcəyi təklifi ilə çıxış edib. /APA/