Meksikada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov G20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib. Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Məmmədyarovun İtaliya nümayəndə heyətinə rəhbərlik edən xarici işlər üzrə dövlət katibi Marta Dassu ilə görüşü zamanı tərəflər iki ölkə arasında münasibətlərin genişləndirilməsi imkanları ətrafinda fikir mübadiləsi aparıblar.
İtaliya tərəfi Azərbaycanla, xüsüsilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib və bu məqsədlə iki ölkə rəsmiləri arasında səfər mübadiləsinin həyata keçirilməsinin önəmini qeyd edib.
Nazir Elmar Məmmədyarov Azərbayacanın İtaliya ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək səfər mübadilələrinin buna təkan verəcəyini qeyd edib.
Məlumata görə, Məmmədyarov ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla da görüş keçirib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Məmməyarovun ispaniyalı həmkarı Xose Manuel Qarsia-Marqallo ilə keçirdiyi görüşdə iki ölkə arasındakı ikitərəfli əlaqələrin hazırkı durumu barədə fikir mübadiləsi aparılıb, enerji, turizm və ticarət sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu qeyd edilib.
Xarici işlər nazirləri iki ölkə arasında səfər mubadilələri, biznes forumlarının təşkili və həm Azərbaycanda, həm də İspaniyada mütəmadi olaraq keçirilən turizm sərgilərində müvafiq qurumların qarşılıqlı şəkildə iştirakının təşviq edilməsi barədə razılığa gəliblər.
Nazir Elmar Məmmədyarov Meksikaya səfərinin ilk günü yerli kanallardan birinə müsahibə verib. /Trend/