İstanbulda beynəlxalq maliyyə sammiti keçirilir
Xəbərlər » Dünyada / (28-09-2011, 14:29)

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, artıq ikinci ildir keçirilən toplantının açılışında çıxış edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan hazırda Türkiyə iqtisadiyyatında artımın davam etdiyini bildirib. Nazir AKP hökumətinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkənin borcunun ÜDM-in 42%-ni təşkil edərək Avropa İttifaqının Maastrix kriteriyalarından daha yaxşı bir nəticə əldə edildiyini: “Cümhuriyyətin 80 illik tarixində ölkəmizə 14,7 milyard dollar əcnəbi sərmayə gəlmişdisə, AKP iqtidarının 8,5 ilində bu rəqəm 105 milyard dollara çatdı. Bu ilin ilk 7 ayında ölkəmizə daxil olan əcnəbi sərmayənin həcmi 9,1 milyard dollar olub. Builki ixracatımızın 135 milyard dollara çatmasını gözləyirik. Cümhuriyyətimizin 100-cü ilində Türkiyədə ÜDM-in 2 trilyon dollara, ixracatın isə 500 milyard dollara çatması üçün hər cür imkanlarımız vardır”.
Zəfər Çağlayan son aylar bəzi Avropa şirkətlərinin Türkiyədə ortaq qurumlar yaratdığını xatırladaraq, türk iş adamlarına rahat çalışma mühiti yaratmaq üçün Avropa İttifaqı ölkələrini viza rejimini sadələşdirməyə çağırıb. O, Liviyanın Avropa İttifaqı ölkələrinin nəzarətində olan 168 mlrd. dollarlıq sərvətinin banklar tərəfindən kreditə çevrilməsinin etik cəhətdən düzgün olmayacağını və pulun dərhal Liviya xalqına qaytarılmasının vacibliyini vurğulayıb.
İki gün davam edəcək İstanbul Maliyyə Zirvəsində bəzi Avropa İttifaqı ölkələrinin iqtisadiyyat nazirləri, iri bankların və birjaların baş direktorları iştirak edir. Sentyabrın 29-da Türkiyə baş nazirinin müavini Əli Babacanın toplantıda çıxışı nəzərdə tutulub.
Əcnəbi maliyyə qurumları Hilton Konfrans Mərkəzində reklam sərgiləri açıblar.
Qeyd edək ki, APA İnformasiya Agentliyi “İstanbul Maliyyə Sammiti - 2011” toplantısının rəsmi informasiya tərəfdaşıdır./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı