Cümə günü NATO Şurası oktyabrın 31-dək Liviyada hərbi əməliyyatları dayandırmağı qərara alıb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi Şimali Atlantika alyansındakı mənbəyə istinadən xəbər verib. NATO rəhbərliyinə cümə axşamı BMT Təhlükəsizlik Şurasında qəbul olunan və oktyabrın 31-dən Liviyada pilotsuz zona rejiminin ləğv olunmasını nəzərdə tutan qətnaməyə uyğun göstəriş daxil olub. Həmin rejim ölkə əhalisini müxalifətin çıxışlarını yatırmağa çalışan Liviyanın sabiq lideri Müəmmər Qəddafinin qoşunlarının zərbələrindən qoruyurdu. Cümə axşamı yekdilliklə qəbul olunan BMT TŞ-nin qətnaməsi Liviyada xarici dövlətlərin hərbi əməliyyatlarının mandatını avtomatik dayandırır. BMT TŞ bu qətnamənin lehinə səs verilməsini vacib hesab edib, çünki belə əməliyyatların başlanması haqqında qərar da bu orqan tərəfindən qəbul edilmişdi.
Liviyada silahlı üsyan doqquz aya yaxın davam edib. Hakim rejimlə müxalifət qüvvələri arasındakı qarşıdurmalarda minlərlə insan həlak olub, ölkəyə ciddi ziyan dəyib.
Liviyanı 42 il idarə edən Müəmmər Qəddafi oktyabrın 20-də doğma şəhəri Sirt ətrafında həlak olub. /Trend/