Bu il oktyabrın 24-28-də Mərakeş Krallığının Mərakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilib. APA-nın məlumatına görə, konfransda Konvensiyaya qoşulmuş 154 dövlət, həmçinin müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar, və qeyri-hökumət təşkilatlarını təmsil edən 1600-dən çox nümayəndə iştirak edib. Sessiyada Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun müavini Namiq Əsgərov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev iştirak ediblər.
Konfransın 4-cü sessiyasında BMT-nin korrupsiyaya əleyhinə Konvensiyasının icrasına nəzarət mexanizmləri, texniki yardım, aktivlərin geri qaytarılması, preventiv tədbirlər və digər sahələr üzrə müzakirələr aparılıb. Nümayəndə heyətinin rəhbəri F. Ələsgərov konfransda çıxış edib, Azərbaycanda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə məsələlərinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirildiyini vurğulayıb. Azərbaycanda siyasi, sosial, iqtisadi inkişafı, hüquqi islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən müxtəlif sənədlər iştirakçılara təqdim olunub.
Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti tədbirdə iştirak edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib. BMT-nin baş katibinin müavini, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov ilə keçirilən görüşdə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin Bakıda regional ofisinin açılması müzakirə edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin zəruriliyi qeyd olunub. Rusiya Prezident Administrasiyasının dövlət qulluğu məsələləri üzrə şöbəsinin müdiri Serqey Dubik ilə keçirilən görüşdə ikitərəfli hüquqi əməkdaşlığın istiqamətləri müzakirə olunub, bu sahədə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Mərkəzi qərargahı Avstriyada yerləşən Beynəlxalq Anti-korrupsiya Akademiyasının rəhbərliyi ilə keçirilən görüşdə Akademiya ilə birgə tədbirlərin və dərclərin təşkili, təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən Transparency İnternational təşkilatı və Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycan ilə həmin təşkilatlar arasında birgə tədbirlərin təşkili, əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılıb. Konfransın sonunda Konvensiyaya tərəf dövlətlər tərəfindən gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair müvafiq qətnamələr və qərarlar qəbul edilib. Konfransın növbəti sessiyasının 2013-cü ildə Panama Respublikasında keçirilməsi qərara alınıb və növbəti sessiyanın ilkin gündəliyi qəbul edilib. /APA/