Rəsmi Moskva və Tiflis Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı ikitərəfli sazişin layihəsini razılaşdırıb. “APA-ECONOMICS”in “İTAR-TASS”a istinadən xəbərinə görə, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Maksim Medvedkov bildirib. Onun sözlərinə görə, söhbət yüklərin Abxaziya və Cənubi Osetiya sərhədində monitorinqi məsələsinə dair razılaşmadan gedir. Qeyd edək ki, Rusiyanın məhz bu separatçı bölgələrlə ticarət əlaqələri Moskva və Tiflis arasındakı danışıqlarda mübahisə mövzusu olub.
Bununla belə, M.Medvedkov iddia edir ki, razılaşma “Rusiyanın prinsipial mövqeyi çərçivəsindən kənara çıxmır”. Tərəflər ticarət haqqında məlumatların auditinə müstəqil şirkətləri cəlb edəcəklər. bu məlumatları Rusiya və Gürcüstan ÜTT-nin inteqrasiya olunmuş məlumat bazasına ötürəcəklər. müstəqil şirkətlər həmçinin iki ölkənin gömrük xidmətlərinə kömək göstərəcəklər.
“Biz çox şadıq ki, Gürcüstan layihəni dəstəklədi və nəhayət ki, razılaşma əldə olundu” - deyə M.Medvedkov qeyd edib.
Xatırladaq ki, ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən Gürcüstanın vetosu Rusiyanın ÜTT-yə üzvlüyünü əngəlləyir. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrində gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarətdir. Moskva bu şərtə razılıq verməyəcəyi müddətdə Gürcüstan da Rusiyanın ÜTT-yə üzvlüyünə maneələr yaradacaq.
Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir. /APA/