QHT-lərə Dövlət Dəstəyi Şurasında 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularına həsr olunmuş konfrans keçirilib
Xəbərlər » QHT xəbərləri / (16-11-2011, 16:26)

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularına həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə QHT-lər tərəfindən müsabiqəyə təqdim olunan mövzular müzakirə olunub, müzakirələrdə müasir dövrün tələblərinə uyğun layihələrin işlənməsi təklif edilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, dövlət tərəfindən ayrılan vəsait çox olacağı təqdirdə yüksək tutumlu layihələrin işlənilməsi dəstəklənəcək: ”Belə olan halda ciddi nəticələrə nail olmaq olar. İndiki halda ayrılan vəsait elə bölünməlidir ki, hamı olmasa da, daha çox ehtiyacı olanlar da faydalana bilsin. Sosial sifariş haqqında qanun layihəsinin qəbul olunması bizi işimizi daha da səmərəli edəcək. Bu qanunun qəbulundan sonra Avropanın bir çox ölkələrində olduğu kimi, sosial dəstəyin verilmə kriteriyaları müəyyən olunmalıdır”.
A. Quliyev deyib ki, beynəlxalq təşkilatlar QHT-lərə müəyyən sahələrdə layihələrin işlənməsi ilə bağlı maliyyə yardımları edirlər, lakin bu mövzuların icra edilməsində maraqlı olmurlar.
Sonda QHT-lər tərəfindən ictimai əhəmiyyət kəsb edən müəyyən təkliflər irəli sürülüb, onların layihə kimi işlənilməsi tövsiyə olunub.
/APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı