QHT-lərin Antikorrupsiya Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edib. Şəbəkənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyi “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinə diqqət yönəldilib. Layihə çərçivəsində elektrik enerjisi, təbii qaz, sudan istifadə ilə bağlı problemlərlə üzləşən vətəndaşlara Pulsuz Hüquqi Yardım Xidməti təşkil olunduğu da müraciətdə öz əksini tapıb. Nazirlər Kabinetinin diqqətinə çatdırılıb ki, istehlakçıların müqavilə bağlanması sahəsində çox ciddi problemlər qalmaqdadır. Müqavilə bağlanmış istehlakçıların sayı ümumi istehlakçıların sayı ilə müqayisədə hər üç xidmət üzrə olduqca azdır. Müqavilədə vəfat etmiş, əvvəlki mənzil mülkiyyətçisinin əvəzinə kənar şəxslərin imza etdiyi və digər qanunazidd hallar mövcuddur. Müraciətdə hər üç xidmət üzrə təchizatçı qurumların istehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində mövcud problemlərə diqqət yetirilməsi, onların aradan qaldırılmasına yardım göstərilməsi məqsədəuyğun hesab edilib.
Qeyd olunub ki, eyni zamanda fond və şəbəkə istehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində müşahidə olunan problemlərə aydınlıq gətirilməsi üçün təchizatçı qurumlara da informasiya sorğusu verib.