Azərbaycan Maliyyə Nazirliyi: QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dək təqdim etməlidir
Xəbərlər » QHT xəbərləri / (22-02-2012, 14:52)

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının (QHT) maliyyə hesabatlarını QHT üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməsi barədə bildiriş yayıb. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, «QHT-lər (ictimai birliklər və fondlar) haqqında» qanunun tələblərinə uyğun olaraq QHT-lər (siyasi partiyalar, həmkarlar ittifaqları, dini birliklər, yerli özünüidarə orqanları, habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədilə yaradılan qurumlar və başqa qanunlarla tənzimlənən digər QHT-lər istisna olmaqla) adı çəkilən Qaydaya əsasən QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib edilmiş illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
«Hesabat dövrü ərzində QHT-nin maliyyə fəaliyyətinin olmaması onu maliyyə hesabatlarını təqdim etmək öhdəliyindən azad etmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir. QHT illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir», - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib.
Xatırladaq ki, QHT-lər tərəfindən 2011-ci il üçün tərtib edilmiş maliyyə hesabatları elektron formada Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar yalnız «Word», «Exel», «Adobe Acrobat» (PDF) formatlarında olmalıdır. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı