NURİYEV Elnur Eyvaz oğlu

RƏHİMOV Cavanşir İzzət oğlu
ASLANOV Niyazi Şərəfxan oğlu
POLOVİNKO Ruslan Aleksandroviç

NURİYEV Elnur Eyvaz oğlu (22.8.1975, Zəngilan r.-nunun Cahangirbəyli k. – 5.10.1994, Gəncə ş.) – Azərbaycanın Milli Qəhrəmanı (5.10.1994, ölümündən sonra).

 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982-ci ildə burada birinci sinfə getmişdir. 1992-ci ildə orta məktəbi bitirərək sənədlərini Bakı Ali Hərbi Komandirlər Məktəbinə vermiş, lakin daxil ola bilməmişdir. 1993-cü ilin oktyabr ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfındən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Elnur qısa müddət ərzində təlim-məşq toplanışı keçdikdən sonra, erməni işğalçılarına qaşrı döyüşlərdə iştirak etmək üçün Füzuli döyüş bölgəsinə göndərilmişdir. O, minaaxtaran batareyanın tərkibində bölmə komandiri kimi Alxanlı, Kürdmahmudlu kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin ərəfədə Tərtər bölgəsində vəziyyət xeyli ağırlaşmışdı. Erməni hərbi qüvvələri əks-hücuma keçərək, rayonun bir neçə kəndini ələ keçirmişdilər. E.Nuriyevin xidmət etdiyi hərbi hissəni həmin bölgəyə köməyə göndərdilər. Qapanlı, Seysulan kəndlərinin düşməndən azad edilməsində o, döyüş əzmkarlığı nümayiş etdirərək, şücaət göstərmişdir.

1994-cü ilin sentyabr ayında onu Gəncə şəhərinə göndərdilər. Burada o, 1994-cü il 4-5 oktyabr hadisələrində – Gəncə qiyamının yatırılmasında iştirak etdi və döyüş tapşırığını yerinə yetirərkən həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Kürdəmir şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 233