Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər
Erməni silahlı bölmələri fevralda atəşkəsi 3 423 dəfə pozub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi. Qeyd olundu ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir. Onu da deyək ki, 2004-2018 illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb, Abşeron Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.

Həkim Kəmalə Heybətova dövlətimizin başçısına onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.

Sonda xatirə şəkli çəkdirildi.