QƏDİMƏLİYEV Arif Maasif oğlu

FƏRZƏLİYEV Pəhlivan Əhliman oğlu
ƏLİYEV Yusif Əliyusif oğlu
NƏSİROV Yalçın Canhəsən oğlu

QƏDİMƏLİYEV Arif Maasif oğlu (13.7.1975, Ağstafa r-nunun Dağ Kəsəmən k. – 17.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

13 iyul 1975-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində doğulmuşdur. 1992-ci ildə burada orta məktəbi bitirdikdən sonra bir müddət “Nəvai” adına sovxozda işləmişdir.

1993-cü ildə Ağstafa rayon Hərbi Komissarlığı tərəfındən Milli Ordu sıralarına çağırılmışdır. O, Sumqayıtda və Qusarda hərbi təlim keçmişdir.

1994-cü il yanvarın 18-də cəbhəyə göndərilmişdir. O, ilk döyüşlərə kəşfiyyatçı kimi başlamışdır. Hərbi təlimlərdə qazandığı təcrübə, mətinlik qızğın döyüşlərdə onun köməyinə çatırdı. O, 172 saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edir, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmət və təşəkkürlərini qazanır. O, Vətən torpağının hər qarışını öz canından əziz tuturdu. Arif Qədiməliyev Ağdərə, Tərtər bölgələrində aparılan əməliyyatlarda rəşadət nümunəsi göstərdi.

1995-ci il… 13-17 mart… Bu, müstəqil Azərbaycanın tarixində ən faciəli səhifələrdən biri idi. O, dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, dövlətçiliyimizə qənim kəsilən qüvvələrin zərərsizləşdirilməsində, müstəqil Azərbaycan uğrunda öz canını qurban verdi.

Subay idi.

Azərbaycan Rcspublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qədiməliyev Arif Maasif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Dağ Kəsəmən kəndində dəfn edilmişdir.

Ağstafa şəhərində büstü qoyulmuşdur, adına mədəniyyət evi var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 157