Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 3 fələstinli həlak olub
Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana ilk dəfə seçki müşahidə missiyası göndərir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: “Azərbaycan xalqına qarşı dəhşətli cinayət – tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsindəyik. Şəhidlərimizin əziz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş, Allah-Təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı tükənməz, əbədidir.

Qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. 20 Yanvar bizi müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. O, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Bakıda isə dini lider – şeyxülislam keçmiş SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb, ittiham dolu açıq məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Bir milyondan çox insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi həkk olundu.

O zamankı ölkə rəhbərlərinin ictimai-siyasi vəziyyəti düzgün dəyərləndirə bilməməsi, səriştəsizliyi səbəbindən lazımi qiymətini almamış 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan parlamentində verildi. Qafqaz Müsəlmanları İdarəsi, öz növbəsində, qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Bu məqsədlə Qafqaz Müsəlmanları İdarəsi dünya parlamentlərinə, dini liderlərə və dövlət başçılarına xüsusi müraciət ünvanladı və bu müraciət beynəlxalq aləmdə böyük rezonans doğurdu.

Azərbaycan xalqının tam mənəvi haqqı var ki, qatilləri – Bakıda baş verən qırğın fərmanına şəxsən qol çəkmiş M.Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. İnsanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror – 20 Yanvar cinayətinin törədilməsində sovet ordusunun tərkibində Bakıya yeridilmiş erməni cəlladlarının amansızlığı xüsusən qeyd olunmalıdır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verdiklərindən Xocalı soyqırımı kimi qətliamlar baş verir.

Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var. Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız var. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz, din xadimləri, münaqişənin dinc danışıqlar, ədalətli sülh yolu ilə həlli üçün dualar edirik. Bununla yanaşı, Qarabağda Cocuq Mərcanlı, Lələtəpə, Naxçıvanda Günnüt qələbələrimiz bizi əmin edir ki, Allahın köməyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə millətimiz öz ülvi arzularına yetişmək qüdrətindədir. Doğma torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycanın hər yerində qələbə şəninə bayram namazları qılınacaqdır, inşallah.

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir, çünki şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxırlar.

Dini mərkəz olaraq 20 Yanvar günü bütün məscidlərdə və dini mərasimlərdə bu bəyanatın mətninin oxunmasını, Qarabağ, 20 Yanvar həqiqətləri barədə moizələr edilməsini, əziz şəhidlərimizin xatirəsini Quran ayələri, dualarla yad etməyi vacib sayırıq. Uca Allahın “Qurani-Kərim”də ölməz, cənnətməkan buyurduğu şəhidlərimizin ruhları şad olsun! Allah-Təala şəhidlərimizə rəhmət eləsin!”.