2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2010-cu il tarixli 473 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AŞPA Sərsəng su anbarı ilə əlaqədar məruzəçi təyin edib
“Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: Göyçay döyüşləri-1918-ci il iyun-iyul” kitabının təqdimatı olub
Amerikalı həmsədrin Sərsəng su anbarı ilə bağlı təklifi işğalçı Ermənistanın maraqlarına xidmət edir

Qərar № 67/ 680

21.11.10

2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai I seçki dairəsi üzrə qeydə alınmış namizədlər Qəhrəmanlı Fuad Əli oğlu (AXCP-Müsavat siyasi partiyalar blokundan), Məmmədli Zəlimxan Adil oğlu (KXCP tərəfindən irəli sürülmüşdür), Novruzov Ədnan Tofiq oğlu (AMİP tərəfindən irəli sürülmüşdür), Səfərov Namizəd Heydər oğlu (“Qarabağ” seçki blokundan) 2010-cu il noyabrın 10-da Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçki dairəsinin ərazisindəki seçki məntəqələrində səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi prosesində məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən seçkilərin nəticələrinə təsir göstərən pozuntuların qeydə alındığını bildirərək adı çəkilən seçki dairəsi dairə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunun qanunsuz hesab edilməsini və həmin seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını, pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı prokurorluq orqanına müraciət olunmasını xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Şikayətdə göstərilən halların hərtərəfli araşdırılması və iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.

Araşdırma prosesində ərizəçilərin müraciətlərində göstərdikləri telefonla əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə onlara məlumat verilmiş, araşdırmaya yardım etmək üçün dəvət olunmuş və müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlar təqdim etməsi təklif olunmuşdur. Eyni zamanda onlara bildirilmişdir ki, şikayətə əlavə etdikləri, seçki pozuntusu ehtimal olunan aktların hamısı kserosurətlərdir.

Şikayətçilər yaradılan şəraitdən istifadə edərək şikayətə əlavə adlandırdıqları sənədlə birlikdə ehtimal olunan pozuntulara dair 127 ədəd akt təqdim etdiklərini göstərsələr də, faktiki olaraq 111 ədəd akt və 4 ədəd seçki bülleteni təqdim etmişlər ki, bu aktlardan da 6-sı kserosurət, 2 ədədi isə doldurulmamış boş akt blankıdır. Həmin aktların deputatlığa namizədlər tərəfindən birgə təqdim etdikləri şikayətə əlavə edilmiş kserosurət aktların əsli olduğu iddia edilir.

Təqdim olunmuş aktların böyük əksəriyyəti ümumi xarakterli olmaqla müşahidənin fakta əsaslanması prinsipini özündə əks etdirmir. Məsələn, məşvərətçi səs hüquqlu komissiya üzvü kimi hüquqların məntəqə seçki komissiyasının sədri tərəfindən məhdudlaşdırılması, komissiya üzvləri tərəfindən mənəvi hücumlara məruzqalma halları, məntəqədə səsvermə hüququ olmayan seçicilər tərəfindən seçki qutularına toplu bülletenlərin atılması, seçicilərin total şəkildə təkrar səsverməsi, müşahidəçilərin saydıqları səsverməyə gəlmiş seçicilərin sayı ilə məntəqə seçki komissiyası sədlərinin müəyyən saatlarda elan etdikləri seçicilərin sayının üst-üstə düşməməsi, seçki məntəqələrində seçicilərin sənədlərinin və barmaqlarının yoxlanılmaması, müşahidəçilərə normal şəraitin yaradılmaması, səsvermə başlanmazdan əvvəl bülletenlərin sayılmaması və.s. Bir sıra aktlarda ehtimal olunan seçki pozuntusunun özü də müşahidəçilərin subyektiv fikirlərinə uyğun olaraq qiymətləndirilmişdir. Məsələn, 25 saylı seçki məntəqəsində müşahidə aparmış və akt tərtib edərək imza etmiş Paşayev Zakir Qənbər oğlu, Mahmudov Akif Aşralı oğlu və Məmmədov Nadir Vəli oğlu göstərirlər ki, müşahidə apardığımız zaman 235 nəfərin seçkidə iştirakını qeydə aldıq, lakin qutudan hansı formadasa 496 bülleten çıxdı, müşahidə zamanı qat-qat bülleten görünürdü, bu onu göstərir ki, qutuya hansı formadasa əlavə bülletenlər atılmışdır. 35 saylı məntəqə seçki komissiyasında müşahidə aparmış və akt tərtib edərək imzalamış Feyruz İbrahimov, Vidadi Səfərov, Hüseyn Axundov aktda göstərirlər ki, məhkumları topa-topa buraxırdılar, onların barmaqlarının mürəkkəblənməsini görmək olmur, müəssisənin əməkdaşları məhkumlara nəzarət edirlər və əsas giriş qapısından əlavə olaraq arxa qapıdan da məhbusları səs verməyə gətirirdilər.

Aparılmış araşdırma ilə müraciətin təmin edilərək dairə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunun ləğv edilməsi və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Həmçinin, ehtimal olunan qanun pozuntularının baş verməsi halları həmin vaxt məntəqə seçki komissiyalarında müşahidəçi qismində iştirak etmiş digər şəxslərin, məntəqə seçki komissiyası üzvlərinin, digər namizədlərin məşvərətçi səs hüquqlu komissiya üzvlərinin çoxsaylı izahatları ilə təkzib olunaraq təsdiq olunmadığından prokurorluq orqanına müraciət edilməsi üçün də əsas yoxdur.

Seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində aparılmış müşahidə ilə bağlı yüzdən artıq müşahidəçinin səsvermə günü tərtib edərək, imzaları ilə təsdiq etdikləri aktlardan görünür ki, səsvermə prosesində və səslərin hesablanaraq protokolların tərtib edilməsində səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı bir qanun pozuntusu qeydə alınmamışdır. Seçki dairəsinin əhatə etdiyi 35 seçki məntəqəsində müşahidə aparmış həmin müşahidəçilər müxtəlif siyasi qüvvələri və bitərəfləri təmsil etmişlər. O cümlədən, 3 saylı seçki məntəqəsində Şakir Babayev (AXCP), Rauf Aslanov (KXCP), Ədalət İsmayılov (ABP), Elman Qocayev (AMİP), Fərid Mikayılzadə (VCU), Adilə Quliyeva (bitərəf), 4 saylı seçki məntəqəsində V.Vəliyeva (öz təşəbbüsü ilə), X.Əsgərov və Ə.Qazıbəyov (ADİSP), T.Məmiyev və S.Süleymanov (ASRP), 6 saylı seçki məntəqəsində Səlcuq Qulusoy (AXCP-Müsavat), Zahid Hüseynov (KXCP), Muxsar Ağayev (öz təşəbbüsü ilə), Qələndər Rüstəmli (AVCİYA), 8 saylı seçki məntəqəsində M.Musayev (Ana Vətən), İ.Zeynalov (VHP), V.Çələbiyev və R.Osmanov (QHT), 9 saylı seçki məntəqəsində Vüsal Məmmədov, Toğrul İbrahimov, Xıdır Umarov (öz təşəbbüsü ilə), 15 saylı seçki məntəqəsində E.Qasımov (VHP), F.Cavadov (AVP), B.Əzimov, N.Dadaşov, F.Novruzov (bitərəf) və digər seçki məntəqələrində müşahidə aparmış müşahidəçilər səsvermə günü seçki qanunvericiliyinin pozulması hallarının müşahidə olunmamasını təsdiq etmişlər.

Göstərilənlərdən əlavə dairə seçki komissiyasının əhatə etdiyi bütün seçki məntəqələrinin müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvləri izahat verərək səsvermə günü məntəqələrdə müşahidə aparmış şəxslərdən, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxslərindən və digər maraqlı subyektlərdən seçki qanunvericiliyinin pozulması ilə bağlı hər hansı bir akt, şikayət və müraciət daxil olmadığını, hər hansı bir iradın dərhal icra edildiyini, müşahidəçilərin müşahidə aparması üçün normal şərait yaradıldığını, kifayət qədər səsvermə kabinələrinın olduğunu, səsvermə başa çatdıqdan və səslər sayıldıqdan sonra səsvermənin nəticələri barədə protokol tərtib edildiyini və təsdiq edildikdən sonra protokolun surətinin bütün arzu edənlərə verildiyini bildirmişlər.

Şikayətçilər tərəfindən təqdim edilmiş və 9 saylı seçki məntəqəsinə aid olan və deputatlığa namizəd Mirələmov Hüseynbala Fazil oğlunun adı qarşısında işarə qoyulmuş 4 ədəd seçki bülleteninin araşdırılması ilə müəyyən edilmişdir ki, səsvermə günü 9 saylı məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında yekun protokolunun birinci nüsxəsinin və ona əlavə edilən sənədlərin dairə seçki komissiyasına təhvil verilməsi zamanı etibarlı bülletenlərin arxasının məntəqənin möhürü ilə möhürlənmədiyi aşkar edilmiş və həmin bülletenlər sayılıb möhürlənərkən 6 ədəd bülletenin naməlum şəraitdə itirildiyi aşkar olunmuşdur. Aşkar edilmiş fakta dair 08 noyabr 2010-cu il tarixdə dairə seçki komissiyasının 9 üzvünün, mənətəqə seçki komissiyasının 6 üzvünün və 10 nəfər müşahidəçinin iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Bundan əlavə 07 noyabr 2010-cu il tarixdə səsvermə günü seçki məntəqəsində seçki prosesini müşahidə etmiş müşahidəçilərin həmin gün tərtib etdikləri aktda da məntəqədə seçki pozuntusunun müşahidə edilməməsi öz əksini tapmışdır.

Səsvermə günü seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində baş verməsi ehtimal olunan, müşahidənin nəticələrinə dair müşahidə aparmış şəxslər tərəfindən tərtib edilməsi iddia edilən, göstərilən qüsurların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada şikayətə əlavə olunmaqla ilkin olaraq məntəqə seçki komissiyalarına təqdim edilməli olan aktlar (yuxarıda göstərildiyi kimi, əvvəl həmin aktların kserosurətləri, sonra isə əsli olması iddia edilən aktlar) Seçki Məcəlləsinin 112.3-cü maddəsinin tələbləri pozulmaqla birbaşa Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq baş vermiş qanun pozuntuları ilə bağlı şikayətlər ilk olaraq məntəqə seçki komissiyalarına, məntəqə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) dairə seçki komissiyalarına, dairə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) isə Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Səsvermə günü baş vermiş qanun pozuntuları ilə bağlı müraciətlərin aidiyyəti üzrə müvafiq məntəqə seçki komissiyasına və dairə seçki komissiyasına verilməsinin vacibliyi Seçki Məcəlləsinin 106.7 və 107.4-cü maddələrinin tələblərindən də aydın görünür.

Araşdırma aparılarkən toplanmış sübutların mötəbərliyinə və mümkünlüyünə xüsusi əhəmiyyət verilmiş, həmin sübutların mənbələrinin və əldə edilmə üsullarının qanunvericiliyin tələblərinə tam cavab verməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, sübutlar buna səlahiyyəti olan subyektlər tərəfindən toplanmış, iş üzrə əhəmiyyət kəsb edən yazılı izahatlar, məlumatlar, aktlar, arayışlar və s. bu kimi digər sübutlar zəruri məlumatlara malik olan mənbələrdən seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilmiş və bu fəaliyyət qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin müşahidənin aparılmasının prinsiplərini tənzimləyən 41-ci maddəsinin tələbinə görə müşahidə açıq aparılmalıdır, müşahidənin yekunları faktlara əsaslanmalıdır.

Həmin Məcəllənin 42.2.8-ci maddəsində göstərilir ki, müşahidəçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək hüququ vardır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.6-cı maddəsində göstərilir ki, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur.

Həmin Məcəllənin 106.7-ci maddəsində göstərilir ki, protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar və.s… əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsinə görə dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayır:

– 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

– 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla şikayətdə göstərilən hallar təkzib olunduğundan və şikayətin təmin edilərək seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından şikayət təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 41-ci, 106-cı, 112-ci, 112-1-ci və 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci bəndlərinə əsasən q ə r a r a a l ı r :

1. 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlər Qəhrəmanlı Fuad Əli oğlu, Məmmədli Zəlimxan Adil oğlu, Novruzov Ədnan Tofiq oğlu, Səfərov Namizəd Heydər oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2010-cu il tarixli 473 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Müavin Şaitdin Əliyev

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Oktay Hümbətli

Arifə Muxtarova

azertag.az