Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (II hissə)

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair
Çar Rusiyasının köçürmə siyasəti
Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış
(Davamı)

Qeyd edək ki, erməni döyüşçülərinin transsərhəd fəaliyyəti təsadüfi deyil, sistemli və düşünülmüş xarakter daşıyırdı. Çar Rusiyasının təbəəliyində olan ermənilər Osmanlı dövlətinin ərazisinə gizli yolla yalnız silah çatdırmırdılar, həm də çoxşaxəli təşviqat fəaliyyəti aparırdılar. Rusiya tərkibində olan Cənubi Qafqaz ərazisindən Türkiyəyə, Osmanlı dövləti təbəəliyində olan ermənilərə müsəlmanlara qarşı silahlı üsyana, separatizmə və təhrikçiliyə çağıran qəzet materialları və kitabçalar çatdırılırdı. Məsələn, Türkiyə Daxili İşlər Nazirliyinin Daxili nəzarət idarəsinin məlumatında göstərilir ki, 1887-ci il yanvarın 18-də Ohanes adında etnik erməni tərəfindən Rusiyadan göndərilmiş “Qarabağ” adlı kitab müsadirə edilmişdi. Türkiyənin Nazirlər Kabinetinin, Daxili İşlər Nazirliyinə ünvanlanmış 8 oktyabr 1903-cü il tarixli məlumatında Qarabağda yaşayan və erməni təşkilatlarının liderlərindən biri olan Rusiya vətəndaşı Aristakisin ermənilər arasında yaydığı iki kitabçanın müsadirə edildiyi bildirilir. Bu və başqa materiallarda erməni təşkilatlarının liderləri çar Rusiyası, Osmanlı dövləti və İran təbəəliyində olan erməniləri göstərilən dövlətlərin ərazilərində uydurma “Böyük Ermənistan” və “dənizdən dənizə kimi Ermənistan” yaradılması məqsədi ilə silahlı üsyana çağırırdılar.

İkinci, erməni terrorizmi yarandığı andan dünyanın bir çox ölkələrində terrorizmin inkişafı üçün bəzi yeniliklər etdi, o başqa analoji təşkilatlar üçün mübaliğəsiz nümunə və bir növ “akademiya” oldu. Bu gün beynəlxalq terrorizm, əgər belə ifadə etmək olarsa, təcrübəsini “zənginləşdirmək” üçün erməni terrorizminə “minnətdar olmalıdır” və ona görə ki, erməni terrorizmi beynəlxalq terrorizm üçün bir növ sonuncuya yol və inkişaf metodları göstərən oriyentir olub.
Fransadakı Osmanlı bankına hücum edən erməni terrorçuları. Foto: wikipedia
Məlumdur ki, 1896-cı il avqustun 26-da erməni terrorçuları Osmanlı bankına hücum ediblər. Bu aksiya dünyada terror fəaliyyətinin inkişafında “xüsusi rol” oynayıb və budur yüz ildən çox sonra da, erməni terrorçularının müraciət etdiyi metod, beynəlxalq terror təşkilatları üçün ən yayılmış və sevimli metod olaraq qalır. Belə ki, “Daşnaksütyun”un təşkil etdiyi bu aksiya zamanı erməni terrorçuları dinc vətəndaşları girov götürüblər. Terror fəaliyyəti üçün başqa yenilik terrorçular tərəfindən hökumətə tələblərin irəli sürülməsi olub. Bu sensasiyalı terror hücumunda üçüncü fərqləndirici xüsusiyyət o oldu ki, terrorçular Osmanlı Türkiyəsinin hüdudlarını maneəsiz tərk ermək zəmanəti almağı bacardılar. Terrorçuların “banka soxulub, bombalar atıb və gümüş sikkə kisələriylə səngər quraraq, bütün istiqamətlərdə atəş açmağa davam etmək”lə başlayan bu zorakılıq aktı bir sıra xüsusiyyətlərə malikdir. Qeyd edək ki, Osmanlı bankına hücum, çar Rusiyasının təbəəsi olan üç etnik erməni tərəfindən edilmişdi. Bundan başqa, terrorçulardan çox sayda silah və partlayıcı maddə müsadirə edilmişdi. Türkiyə tərəfi terrorçulardan müsadirə edilmiş silahların sərgisini təşkil edir, lakin xarici dövlətlərin səfirlərinin müdaxiləsindən sonra sərgi tez-tələsik bağlanılır.
Bu aksiya bütün dünyada baş verən sonrakı zorakı terror aktlarının klassik nümunəsi oldu. İndiyə qədər terror hücumlarının metodları dəyişməyib: bir ölkə vətəndaşları tərəfindən başqa dövlətin ərazisində terror aksiyalarının keçirilməsi; girovların götürülməsi; hökumətə tələblərin irəli sürülməsi; xarici dövlətlərdən birinə getmək üçün zəmanət alınması; öz geosiyasi və başqa məqsədlərini həyata keçirmək üçün xarici dövlətlərin terrorçuları himayə etməsi, bizim fikrimizcə, XIX əsrdə aparıcı dövlətlərin “ikiqat standartların” tətbiqinin tipik nümunəsidir.
Qeyd edək ki, girovların götürülməsi indi terror fəaliyyətinin ən yayılmış metodu olaraq qalır: terrorçu və ya terrorçular qrupu nisbətən təcrid edilmiş, adətən insanların çox toplandığı obyektə hücum edirlər (bina, təyyarə, avtobus, gəmi və b.). Onlar bu obyekt üzərinə nəzarət qoyurlar, orada olan insanları girov götürürlər və hökumətə tələblərini təqdim edirlər (bu tələblər əsasən bu aksiyanın icraçılarının cinayət ortaqları vasitəsilə hökumətə çatdırılır). Bu tələblərdə müəyyən edilmiş vaxt ərzində hökumət terrorçuların tələblərini yerinə yetirmədikdə girovları öldürməklə hədələyirlər. Tez-tez hökumət terrorçularla danışıqlara gedir, lakin bu nadir hallarda effektli olur. Bu danışıqların nəticələrindən asılı olaraq ya girovlar terrorçuların tələblərinin hökumət tərəfindən icrasından sonra azad olur, ya da hökumət hücuma təşəbbüs edir, bu da bir qayda olaraq, girovların arasında təlafatın olmasına gətirib çıxarır. Buna görə də, “bani”ləri erməni terrorçuları olan girovların götürülməsi metodu, terror fəaliyyətinin ən ictimai təhlükəli metodu olaraq qalır.
Üçüncü, təşəkkül tapdığı andan erməni terrorizminin törətdiyi zorakılıqlar xüsusi qəddarlıq və kəskinliklə fərqlənirdi, bununla bərabər məqsədlərinə nail olmaq üçün bu zorakılıqlar demək olar ki, həmişə erməni terrorçuları tərəfindən keçirilən qanlı aksiyalara şərik olmaq istəməyən etnik ermənilərə qarşı dönürdü.
O cümlədən, fransız alim Malevilin göstərdiyi kimi, “Qnçak” partiyasının proqramında bildirilirdi: “İstənilən şəraitdə türkləri və kürdləri öldürmək, öz məqsədlərinə xəyanət edən ermənilərə heç vaxt rəhm etməmək və onlardan qisas almaq”. Türkiyə ərazisində erməni dövləti yaradılması uğrunda mübarizə aparmaq üçün “Qnçak” ideoloqları bütün Avropadan silah almaq məqsədilə pul yığırdılar. “Qnçak”ın fəaliyyətinin maliyyələşdirilməsi üçün pul yığılması, bir qayda olaraq, şantaj və qorxutma yolu ilə edilir, həmçinin təşkilatın fəaliyyətilə razılaşmayan ermənilər amansızlıqla məhv edilirdi. Razılaşmayan ermənilərin sərt üsullarla məhv edilməsi və qəsdən edilən təhriklər, ermənilər arasında qorxu atmosferinin yaradılması “Qnçak” fəaliyyətinin əsas elementlərindən biri idi. Məsələn, 1895-ci ildə bu partiyanın üzvləri olan erməni terrorçuları Avet Aveka və Kalust Androsyan “türklər tərəfindən edilən vəhşilikləri” dünya ictimaiyyətinə xatırlatmalı olan “böyük “Van üsyanı” hazırlayırdılar.  Belə hərəkətlər çoxlu pul və çox sayda qurban tələb edirdi. Van gölü yaxınlığında Axtamarsk monastırının abbatı, monastırın töhfəsini hissə-hissə ödəməyi nəzərdə tuturdu. O dərhal ödəməkdən imtina edir, çünki hesab edirdi ki, ermənilər Osmanlı imperiyasında xoşbəxt yaşayırlar. Onun imtina etməsi ona və onun katibinə həyatı hesabına başa gəlir: hər ikisi öldürülür və şaqqalanır. Sonra onların cəsədləri gölə atılır. Abbatın varisi tələb edilən məbləği həvəslə ödəyir” və bir il sonra başlanmış aksiya zamanı erməni terrorçuları Vanın demək olar ki, bütün müsəlman əhalisini qırırlar.
Tennessi Texnologiya Universitetinin siyasi elmlər departamentinin professoru Maykl Hünter həmçinin göstərir ki, “”Daşnaksütyun”un terror aksiyaları yalnız Osmanlı hökumətinin rəsmi şəxslərinə qarşı deyil, həm də daşnakların maraqlarına cavab verməyən ermənilərə qarşı yönəldilmişdi”. 3-6 noyabr 1983-cü ildə Çikaqoda (İllinoys ştatı) keçirilmiş Yaxın Şərq Tədqiqatları Assosiasiyasının 18-ci illik yığıncağında erməni politoloqu J.Libaridyan “Yaxın keçmişdə erməni tarixində siyasi zorakılığın kökləri” mövzusunda məruzə ilə çıxış edib. O öz məruzəsində 1904-cü ildən 1906-cı ilə qədər Bakıda və Tiflisdə, həmçinin Van və onun ətraflarında erməni terrorçuları tərəfindən törədilmiş siyasi qətllər haqqında statistik məlumatları təqdim edib.  Professor Lourinin sitat gətirdiyi J.Libaridyanın məlumatlarına əsasən, bu üçillik dövrdə törədilmiş 105 siyasi qətl nəticəsində, 56 erməni informator, 32 rus və türk məmuru və zabiti, 7 və ya 8 provokator öldürülmüşdü. Göründüyü kimi, qısa dövr ərzində erməni terrorçuları tərəfindən öldürülmüş hər iki nəfərdən biri etnik erməni idi. Bizim fikrimizcə, erməni terrorçuları, erməni millətinin dinc əhalisini öldürməklə, ermənilər arasında qorxu yaymaq məqsədi güdürdülər, qorxutma və şantaj yolu ilə onları özlərinə tabe etməyə, həmçinin erməni terrorçularının vəhşilikləri barəsində onları susmağa məcbur etməyə nail olurdular.
Yüz il sonra, 1988-ci ildə Sumqayıtda erməni quldurları tərəfindən analoji metod tətbiq edilmişdi. Müəyyən edilmişdir ki, bu hadisələr SSRİ-in Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmış və təhrik edilmişdi və onların icraçısı Eduard Qriqoryanın başçılığı ilə etnik ermənilərdən ibarət cinayətkar və quldur dəstə idi. Bu hadisələrin gedişatında o şəxsən beş erməni öldürmüşdü. Bu hadisələr zamanı məhz “Qarabağ” və “Krunq” ekstremist təşkilatlarının üzvü olmayan etnik ermənilər basqın və zorakılıq obyekti olublar. Qeyd edək ki, Sumqayıt hadisələri Azərbaycana qarşı silahlı hücum ərəfəsində geniş beynəlxalq antiazərbaycan kampaniyası üçün əlverişli zəmin yaratmaq məqsədilə erməni millətçi dairələrinin fəal iştirakı ilə planlaşdırılmışdı.
Qeyd edək ki, qanlı aksiyaların iştirakçısı olmaq istəməyən etnik ermənilərə qarşı erməni terror təşkilatları tərəfindən zorakılıq edilməsi xüsusilə ASALA-nın rəhbəri Akop Akopyanın 1980-ci il avqustun 1-də “New-York Times” qəzetinə verdiyi “bizim düşmənimiz — türk rejimidir, NATO və bizimlə olmayan ermənilərdir” bəyanatında təsdiq edilir.
Erməni terrorçularının bu qanlı təcrübəsi başqa terror təşkilatları tərəfindən də mənimsənilmişdi. Hal-hazırda ondan dövlət idarələrinin məmurlarını öz tərəfinə çəkmək və maliyyə mənbələrini cəlb etmək üçün tətbiq olunur və terrorçularla əməkdaşlıqdan imtina edənləri amansızlıqla məhv edirlər. Eyni terror təşkilatının daxilində terrorçuların arasında fikir ayrılıqlarının həllində bu metod ən effektiv olaraq qalır —məsələ ən sadə üsulla həll edilir: terror təşkilatının rəhbərliyi tərəfindən günahkar bilinən öldürülür, başqa sözlə məsələ, sektant üsulu ilə həll edilir.
Qeyd edək ki, bundan sonra erməni terrorçuları tərəfindən xüsusi qəddarlıq və sərtliklə qətl metodu yalnız insafsız zorakılıqlarda iştirak etməkdən imtina etmiş etnik ermənilərə qarşı deyil, həm də başqa millətlərin mülki əhalisinə, ilk növbədə Azərbaycan əhalisinə qarşı dəfələrlə istifadə edilmişdi. Sonrakı illərdə tarix zorakılığın başqa amansız və kəskin növlərinin, həmçinin cəsədlərin təhqir edilməsinin şahidi oldu. Cəsədin və ya canlı insanın başının dərisinin soyulması, insan bədəninin əl-ayaqlarıın kəsilməsi, qadınların və azyaşlı uşaqların zorlanması, hamilə qadınların qarnının yırtılması, gözlərinin deşilməsi, canlı insanın şaqqalanması və ya yandırılması — budur erməni terrorçuları tərəfindən mülki əhaliyə tətbiq edilmiş zorakılığın qəddar, insafsız üsullarının natamam siyahısı. XX əsr ərzində erməni terrorizminin “çiçəklənməsi”nin müxtəlif dövrlərində bu və başqa qəddarlıqlar erməni terrorçuları tərəfindən etnik azərbaycanlılara qarşı tətbiq edilmişdi.
Bir sıra müəlliflər qeyd edirlər ki, daşnaklar və başqa erməni qrupları Osmanlı dövlətində ermənilərin kütləvi repressiyalarına və qətlinə səbəb olmaq üçün öz fəaliyyətlərində şüurlu surətdə geniş miqyaslı terror aktlarından istifadə edirdilər, bununla onlar ermənilərin geniş dəstəyinə və aparıcı dövlətlərin müdaxiləsinə nail olmaq istəyirdilər. Məşhur tarixçi Uilyam Lanqeranın sözlərinə görə, “təşviqatçıların [ermənilərinin] bilavasitə hədəfi amansız repressiyalarla müşayiət olunan iğtişaşları qızışdırmaq və bununla dövlətlərin müdaxiləsini təhrik etmək idi”. Öz növbəsində, terrorizm problemləri üzrə məşhur mütəxəssis Uolter Laker yazırdı ki, “onlar [erməni terrorçuları] hökuməti devirməyə ümid etmirdilər, onların strategiyası fitnəkarlığa əsaslanmışdı. Ehtimal var ki, onlar güman edirdilər türklərə qarşı hücumları amansız qisas doğuracaq və nəticədə erməni əhalisi daha qəti hərəkət edəcək, kütləvi qətllərdən sarsılmış daha qətiyyətli qərb dövlətləri onların tərəfindən çıxış edəcəklər”.
Dördüncü, xarici dövlətlərin diqqətinin cəlb edilməsi və daha böyük nəticə əldə edilməsi məqsədilə erməni terror təşkilatları öz aksiyalarını izdihamlı yerlərdə — meydan və vağzallarda keçirilməsini planlaşdırır və bir qayda olaraq, ifrat dərəcədə fitnəkar hərəkətlərdən istifadə edirdilər. Zorakılıq aktlarından dərhal sonra müxbir və jurnalistlərin dəvət edilməsi bütün erməni terror aksiyalarının mütləq atributu idi.
Bu mənada 1895-ci il sentyabrın 30-da İstanbulda Möhtəşəm Porta (Babi-Əli) ətrafında “Qnçak” partiyası tərəfindən təşkil edilmiş nümayiş buna nümunədir. Aksiya təşkilatçıları qabaqcadan bütün səfirliklərə məktub göndərərək bildirirdilər ki, istənilən zorakılıq aktına qarşı çıxırlar və nümayiş sülh xarakteri daşıyacaq. Eyni zamanda, Avstriya alimi E.Fayqlın qeyd etdiyi kimi, “bəzi nümayişçilər polislə toqquşmalar təhrik edib 30 sentyabrı yadda qalan gün etmək üçün silahla gəlmişdilər. Günortaya qədər təxminən 2 min insan erməni patriarxiyası qarşısında Qum-Qapı məhəlləsində toplaşmışdı. Camaat bərkdən bağırır, qisas haqqında qışqırıqlar eşidilirdi, bu, üsyan başçılarından birinin: “Azadlıq və ya ölüm!” bağırmasına qədər davam etdi. Bu Babi-Əliyə hücum etməyə işarə idi “. Aksiya təlafatlarla bitdi və bir neçə gün ərzində İstanbul iflic vəziyyətinə düşdü.
Beşinci, yaşayış məntəqələrinin, tarixi, mədəni və dini abidələrin, həmçinin sosial obyektlərin (xəstəxanalar, məktəblər və b.) dağıdılması, insanların kütləvi surətdə məhv edilməsi, talanlar, dinc əhaliyə, xüsusən uşaqlara və qadınlara qarşı etnik əlamətinə görə xüsusi qəddarlıq erməni terrorizminin fərqləndirici xüsusiyyətidir.
Məlum olduğu kimi, XX əsrin əvvəllərində “Daşnaksütyun” rəhbərliyi Qafqazda partiyanın fəaliyyətini gücləndirmək qərarına gəlir və bu məqsədlə 1905-ci ilin oktyabrında “Qafqaz layihəsi” qəbul edilir. 1907-ci ilin əvvəllərində “Daşnaksütyun” 3233 qrupa malik idi, onlardan 2300-dən çoxu çar Rusiyasında, əsasən Cənubi Qafqazda, qalanları isə erməni diasporunun yaşadığı ölkələrdə fəaliyyət göstərirdi. Qeyd edək ki, bu qərar, xüsusilə, 1903-cü ildən Rusiya çarının erməni qriqorian kilsəsinin mülkiyyətinin müsadirə edilməsi haqqında Fərmanına cavab olaraq qəbul edilmişdi. Erməni terrorçuları çox keçmədən Rusiyanın general-qubernatorları və başqa məmurlarına çoxsaylı sui-qəsdlər edirlər. Lakin çar Rusiyası “Daşnaksütyun”un terror fəaliyyətini azərbaycanlılara qarşı yönəltməyi bacardı. 1905-1907-ci illər ərzində erməni silahlı dəstələri azərbaycanlılara qarşı bir sıra genişmiqyaslı qanlı əməliyyatlar keçirir. Bu aksiyalar Bakıda başlayıb bütün Azərbaycanı, həmçinin indiki Ermənistan ərazisində yerləşən Azərbaycan yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb və yer üzündən silinib, minlərlə azərbaycanlı vəhşicəsinə öldürülüb. Osmanlı dövlətinin Tiflisdəki Baş konsulluğunun 22 yanvar 1906-cı il tarixli məlumatına əsasən, 1905-ci il ərzində yalnız Gəncədə erməni yaraqlıları tərəfindən 300-dən çox müsəlman evi yandırılıb və minlərlə müsəlman öldürülüb. Onların kütləvi məhv ediməsində Osmanlı dövlətinin Ərzurum vilayətindən gəlmiş 800-dən çox erməni yaraqlısı iştirak edirdi. Qeyd edilməlidir ki, azərbaycanlıların qətlə yetirilməsində erməni kilsəsi aktiv iştirak edirdi. Beləki, 1907-ci ildə Gəncə şəhərində erməni kilsələrində polis külli miqdarda odlu silah və partlayıcı maddə aşkar etmişdi. Osmanlı dövlətinin Tiflisdəki Baş konsulu Fövzinin xarici işlər nazirinə ünvanlanan məktubuna əsasən erməni kilsələrində aşkar edilmiş silah-sursat “Daşnaksütyun” qruplaşmalarına aid idi. Bundan başqa, həmin il küllü miqdarda odlu silahı və partlayıcı maddəni evində saxladığı üçün Gəncədə “Daşnaksütyun”un nüfuzlu liderlərindən biri, erməni kilsəsinin arximandriti Korpik həbs edilmişdi. O, həmçinin Osmanlı dövlətinin ərazisində diversiya-terror aksiyalarını həyata keçirməyi planlaşdırırdı.
1917-ci ilin dekabrından 1918-ci ilin iyununa kimi, Gülüstan və Türkmənçay müqavilələri imzalanandan sonra çar Rusiyasının tərkibinə daxil olan İrəvan quberniyasında 200 azərbaycanlı kəndi qarət edilib və yandırılıb. Erməni silahlı birləşmələri azərbaycanlılara qarşı artıq ənənəvi hal almış etnik təmizləmə siyasətini tətbiq edirdilər. Amerika alimləri C. Makkarti və K.Makkartinin yazdıqları kimi “kütləvi qətllər və dağıdılmış kəndlər sonuncuları (azərbaycanlılar — qeyd.R.S.) öz doğma yerlərini tərk etməyə məcbur edirdi. Münaqişənin sonuna yaxın İrəvan quberniyasının müsəlman əhalisinin 180000 nəfəri və ya üçdə iki hissəsi ya öldürülüb və ya qaçqın olub”. S.Şaumyanın rəhbərliyilə Bakı kommunası əksinqilabi elementlərlə mübarizə və bolşevizm bayrağı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında azərbaycanlıların aradan qaldırılması üzrə qorxunc planın həyata keçirilməsinə başlayır. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər regionlarında xüsusi qəddarlıqla həyata keçirilirdi. Kütləvi surətdə dinc əhali qırılmış, kəndlər yandırılmış, mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və başqa tikintilər dağıdılmış və məhv edilmişdi. Bakının böyük hissəsi xarabalıqlara çevrilmişdi. Müsəlmanlar və onların əmlakı üzərində edilən zorakılıqları araşdırmaq üçün ADR Hökumətinin Qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının 15 iyul 1918-ci il tarixli hesabatına əsasən türk-müsəlman əhalisindən ölənlərin sayı yalnız Bakı şəhərində 12000 nəfər təşkil edirdi. Bakı sakinlərinin yarısından çoxu — etnik azərbaycanlılar şəhərdən qaçmağa məcbur olmuşdular. Ümumiyyətlə, C.Makkarti və K.Makkartinin Amerika kəşfiyyat mənbələrinin məlumatına əsasən qeyd etdikləri kimi, Azərbaycanın qalan hissəsində, 60000 Azərbaycan türkü qaçqın düşüb və 420 müsəlman kəndi ermənilər tərəfindən dağıdılmışdı. Müxtəlif fikirlərə görə, bu dövrdə Cənubi Qafqazda 50000-dən 100000-dək etnik azərbaycanlı məhv edilmişdi.
1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra yenidən ermənilərin ərazi iddialarıyla qarşılaşdı. Yaranmış tarixi və siyasi reallıqları nəzərə alaraq, həmçinin ərazi iddialarının aradan qaldırması üçün 1918-ci ildə İrəvanı ermənilərə vermək qərarı verilmişdi və Azərbaycan torpaqlarında paytaxt İrəvan şəhəri olmaqla erməni dövləti yaradılmışdı. Ancaq bundan sonra da bu və başqa torpaqlardan azərbaycanlıların qovulması davam edirdi. Ermənilər silahlı təcavüz nəticəsində Zəngəzur dəhlizini tutaraq İranla sərhəd qurmağa nail olurlar.
Ardı var…
Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru