Rusiya nəşri: Xocalı hadisələrinin təşkilatçıları indiyədək yüksək vəzifə tuturlar

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbli Zəhra Salmanlıya hədiyyə göndərdi
Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür
FANA-nın sədri və OANA-nın prezidenti media qurumlarının əlaqələrini gücləndirmək yollarını müzakirə ediblər

Fevralın 26-da XX əsrin Xocalı faciəsi kimi tanınan ən müdhiş faciələrindən birinin 26 ili tamam olur. Bir çoxları bu cinayəti hər vəchlə unutmağa, üstündən sükutla keçməyə çalışır. Göründüyü kimi, onun təşkilatçıları indiyədək yüksək vəzifələr tuturlar. Gəlin günahsız həlak olanların xatirəsini ehtiramla yad edək və onların həyatının son günlərini xatırlayaq.

AZƏRTAC xəbər verir ki, bu sətirlər Rusiyanın “infox.ru” nəşrində yer alıb. Nəşrdə Azərbaycanın qərbində heç kim, o cümlədən Ermənistan tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ respublikasının” ərazisinin erməni silahlı birləşmələri tərəfindən işğal edildiyi 1991-1992-ci illərin hadisələrindən söhbət açılır. Qondarma respublikanın həm hüquqi cəhətdən, həm də beynəlxalq müqavilələrə əsasən əvvəllər məxsus olduğu Bakı ilə özünü qonşu dövlətin ərazisindəki soydaşlarını dəstəkləməyə borclu sayan Yerevan arasında nifaq ərazisinə çevrildiyi qeyd edilən məqalədə xatırlanır ki, həmin vaxt artıq bütün etnik azərbaycanlılar və digər türk xalqlarının nümayəndələri Ermənistandan didərgin salınmışdılar, Qarabağ uğrunda isə əsl müharibə gedirdi.

Nəşr yazır: “Hücum fevralın 25-də axşam saatlarında başlandı. Ermənilər Xocalıya 366-cı alayın zirehli texnikasının dəstəyi ilə böyük qüvvə göndərmişdilər. Onlara ciddi müqavimət göstərilmədi: azərbaycanlı komandirlər başa düşürdülər ki, şəhəri qoruyub saxlamaq gücündə deyillər. Bundan əlavə, ölkədə siyasi böhran şiddətlənmişdi, Qarabağ sakinləri isə müəyyən mənada taleyin hökmünə buraxılmışdı. Amma bunlar işğalı erməni tərəfi üçün, demək olar, qansız başa çatan şəhərdə sonra baş verən dəhşətlərə əsla bəraət qazandıra bilməz. Hamı tərəfindən qəbul edilmiş siyasi prinsiplər “soyqırımı” termininə çox ehtiyatla yanaşmağa çağırır, amma Xocalıda buna çox oxşayan bir dəhşət yaşandı”.

Qətliamın qurbanları haqqında rəsmi məlumatlar gətirən nəşr yazır: “Amma forma geyinmiş sadistlər, əgər belə demək olarsa, səhvə yol veriblər: özlərindən sonra canlı şahidlər qoyublar. Şahid sözlərindən məlumdur ki, göz çıxarmaq, o cümlədən uşaqların gözlərini çıxarmaq hücum edənlərin sevimli işgəncəsi olub. Azı bir qadını diri-diri yandırıblar, qurbanların çoxlarının başlarını kəsiblər, meyitlərin başlarının dərisini soyublar. Uşaqların başına böyüklərinkindən heç də az oyun açmayıblar. Bir neçə hamilə qadının qarınlarını yırtıblar. Meyitlərin çoxu murdarlanıb.

BBC o illərdə erməni hərbi rəislərindən birinin – Ermənistanın indiki prezidenti Serj Sarkisyanın aşağıdakı sözlərini sitat gətirib: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq”.

Ermənistan tərəfinin Xocalı hadisələrinə görə öz silahlı qüvvələrinin məsuliyyətini hələ də etiraf etmədiyini diqqətə çatdıran nəşr bir rusdilli erməni forumundan sitat gətirir: “Elə məsələlər var ki, onlar barədə danışmaq olmur. Nələr baş verdiyini siz heç vaxt başa düşə bilməzsiniz. Bunun üçün Qafqazda doğulmaq və erməni olmaq lazımdır”.

Nəşr sonda yazır: “Görünür, gözləri çıxarılmış və başlarının dərisi soyulmuş Xocalı qurbanlarının çoxu da ömürlərinin son dəqiqələrində təəssüflənmişdilər ki, Qafqazda doğulublar. Bu təfərrüatları oxumaq xoş deyildir. Amma buları bilmək lazımdır ki, belə bir dəhşət bir daha təkrarlanmasın. Yaponiyada Xirosima faciəsi artıq 70 ildən çoxdur bütün dünya ölkələrini nüvə silahını tətbiq etməkdən çəkindirir. Polşada Osvensim faciəsi dünya üçün nasist “virusuna” qarşı dəhşətli “peyvənd” olub. Vyetnamın Sonqmi şəhərində törədilən qətllər ABŞ-ın hərbi doktrinasını dəyişib. Bəlkə Xocalının missiyası mənasız intiqamın iyrəncliyi, özgə ərazisinin işğalının yolverilməzliyi, dil tapıb dinc yanaşı yaşamağın hamımız üçün necə vacib olduğu barədə dünyaya söhbət açmaqdır?”

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva