SƏDİYEV Vəzir İsa oğlu

HÜSEYNOV Vüqar Tofiq oğlu
İSMAYILOV İlqar Sədi oğlu
QUBADOV Arif Vəliş oğlu

SƏDİYEV Vəzir İsa oğlu (6.6.1961, Gürcüstan Resp.-nın Marneuli r.-nunun Aşağı Qullar k. – 19.2.1993, Ağdərə r.-nunun Aterk k.) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

6 iyun 1961-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Aşağı Qullar kəndində doğulmuşdur. İbtidai təhsilini doğma kəndlərində, orta təhsilini isə Qərbi Azərbaycanın Körpülü kəndində almışdır. O, sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Rusiyanın Qorki şəhərindəki hərbi məktəblərdən birinə müəllim göndərirlər. Burada üç il müəllimlik etdikdən sonra könüllü olaraq Əfqanıstana gedir. Batalyon komandiri kimi Əfqanıstan müharibəsində 2 il 4 ay iştirak edir. Döyüşlərin birində ağır yaralanaraq müalicə alır. Sonra Zabaykal Hərbi Dairəsi… O, 122 saylı artilleriya və raket qoşunları tərkibində 41659 saylı hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Ona mayor rütbəsi verilir. Bununla yanaşı o, ikinci dərəcəli “Peşəkar zabit” döş nişanına layiq görülür.

Dəhşətli Xocalı soyqırımı xəbərini eşidərkən onu Zabaykalda heç bir qüvvə saxlaya bilmədi. O, Azərbaycanın Müdafıə Nazirliyinə müraciət etdi. Nazirliyin 26 avqust 1992-ci il 01529 saylı əmrinə əsasən o, Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəziləsinə təyin edildi. Vəzir Sədiyev Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriyanın yaradılmasında böyük rolu olan Vəzir, xüsusilə, Ağdərə uğrunda gedən dəhşətli döyüşlərdə əsl hərbçi olduğunu bir daha sübut etmişdir. \

1993-cü ilin fevral ayının 19-u… Cəsur komandir Vəzir Sədiyev Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Vəzir Sədiyev hərbi xidməti zamanı 2 orden, 3 medal və eləcə də, keçmiş SSRİ Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir.

Ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Mayor Sədiyev Vəzir İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 259