“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimatı keçirilib

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI, # 1263 (1995)
Kazimirovun KVAZİBARIŞIĞI – erməni işğalçıları üçün “müqəddəs yazı”
RF XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində hazırladığı “Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, kitab ermənilərin işğalı altında olan Sərsəng su anbarında yarana biləcək humanitar fəlakəti özündə əks etdirir. Kitabın ingilis və fransız dillərində də nəşr olunduğunu deyən V. Əlibəyov qeyd edib ki, 3 nəfərdən ibarət yaradılan işçi qrup ekoloji fəlakətin yaşana biləcəyi Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Yevlax rayonlarında araşdırmalar aparıb və kitabdakı məlumatlar real faktlara söykənir.

Hüquqşünas və işçi qrupunun üzvü Nazir Quliyev isə deyib ki, işğal altında olan Sərsəng su anbarı bir su hövzəsindən daha çox, cəmiyyətə təhlükə kimi yadda qalıb. O bildirib ki, ermənilərin su hövzəsini çirkləndirməsi nəticəsində anbarın suyundan istifadə edən bölgələrdə doğum azalıb, insanların sağlamlığına problemlər yaranıb: “Bizim təmsil etdiyimiz işçi qrupu Sərsəngin cəmiyyətə vurduğu zərəri araşdırıb və su hövzəsinin qonşuluğunda yerləşən rayonlarda müxtəlif görüşlər keçirilib. Müxtəlif araşdırmalar göstərir ki, Ermənistanın su anbarından istifadə edərək müəyyən çirkli maddələri Sərsəng vasitəsilə axıtması insanların sağlamlığının pozulmasına səbəb olub. Su anbarının işğalçı dövlətin nəzarəti altında olması cəmiyyətin həyatına, təsərrüfatına böyük təhdidlər yaradır. Ona görə də bu fakt beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır”.