Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilib

AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?
ABŞ Dövlət katibi Antoni Blinken İlham Əliyevə zəng edib
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Goranboy və Tərtər rayonlarının sakinlərinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlərin AVCİYA tərəfindən təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Sərsəng su anbarı haqqında məlumat verərək bildirib ki, su anbarı 20 ildir qəza vəziyyətindədir: “Orada texniki xidmət, qəza vəziyyətinin aradan qaldırılması istiqamətində heç bir iş aparılmır. Bizim layihədə məqsəd beynəlxalq təşkilatları məlumatlandırmaq və bir beynəlxalq təşkilat vasitəsilə su anbarının texniki vəziyyətini nəzarətdə saxlamaqdır. Vəziyyət doğrudan da çətindir və insanlar haqlı olaraq narazılıq edirlər”.

Daha sonra layihənin koordinatoru Samir İsayev çıxış edib. O, yerli sakinlərin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Aşağı Qarabağ bölgəsində Sərsəng su anbarından başqa su anbarının olmaması içməli su problemini daha da gərginləşdirir. Artezian quyuları qazılsa da, yerli əhali bunun tələbatı ödəmədiyini, Sərsəng su anbarından gələn suya ehtiyac duyduqlarını bildirir. Artıq bizə 3000-dən çox müraciət daxil olub. Biz həmin müraciətləri toplayıb beynəlxalq təşkilatlara göndərəcəyik”.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mütəllim Əbdülhəsənov çıxış edərək deyib ki, nazirlik bu sahədə tədbirləri davam etdirir və məsələni beynəlxalq təşkilatların diqqətinə çatdırır: “Bu, çox ciddi problemdir və həlli vacibdir. Biz daim iştirak etdiyimiz beynəlxalq tədbirlərdə tədbir iştirakçılarının diqqətinə Sərsəng su anbarı ilə bağlı problemi çatdırırıq. Ümid edirik ki, tezliklə problem həll olunacaq”.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.