ŞAHBAZOV Fəxrəddin İbrahim oğlu

TAĞIZADƏ Eldar Abdulla oğlu
HÜSEYNOV Rövşən Şəmil oğlu
RÜSTƏMOV Məzahir İzzət oğlu

ŞAHBAZOV Fəxrəddin İbrahim oğlu (22.1.1950, Bakı ş. – 20.11.1991, Xocavənd r.-nunun Qarakənd k.) – Azərbaycanın Milli Qəhrəmanı (4.12.1992, ölümündən sonra).

 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-ci ildə 20 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1967-ci ildə həmin məktəbin onuncu sinfıni bitirmişdir. Sonra Bakı Neft Texnikumuna daxil olmuşdur. 1969-cu ildə hərbi xidmətə çağırılmışdır. 1971-ci ildə ordudan tərxis olunaraq, texnikumda təhsilini davam etdirmişdir. O, 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlamış və 20 il burada fasiləsiz olaraq operator vəzifəsində çalışmışdır.

1988-ci ildə – ermənilərin Qarabağda açıq silahlı basqınlar başladığı vaxtda cəbhə bölgələrinə gedib telereportajlar hazırlamaq o qədər də asan iş deyildi. Hər an ölüm təhlükəsi ilə üz-üzə dayanmaq lazım gəlirdi. Bəziləri bu təhlükəli səfərlərdən yayınırdı. Fəxrəddin isə təklif, əmr gözləmədən telejurnalistlərlə tez-tez sərhəd rayonlarına gedir, qaynar nöqtələrdən müxtəlif səpkili verilişlərin hazırlanmasında böyük səy göstərirdi.

1991-ci il… Noyabr ayı… Azərbaycan Teleradio Şirkətinin bir qrup əməkdaşı cəbhə bölgələrinə ezam olunmuşdu. Fəxrəddin də bu qrupun tərkibində idi. Onlar Ağdam rayon ictimaiyyəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportaj hazırlamalı idilər. Bu ərəfədə ermənilər Xocavənddə yeni təxribatlar törətmişdilər. Ölən və yaralananlar var idi. Qərara alındı ki, rəhbər işçilər hadisə yerinə getsinlər və məsələni yerindəcə aydınlaşdırsınlar.

20 noyabr 1991-ci il… Mİ-8 vertolyotu Ağdam istiqamətindən havaya qalxdı. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında iriçaplı pulemyotlardan atəşə tutulan vertolyot yerə enərkən parçalandı. Respublikanın tanınmış şəxsləri ilə birlikdə teleoperator Fəxrəddin Şahbazov da qəhrəmancasına həlak oldu.

Ailəli idi. İki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 265