Şahin Əliyev: Referendum Aktının layihəsi barədə Venesiya Komissiyasının rəyi siyasi sifarişdir

Gürcüstanın MSK Sədri AVCİYA –ya təşəkkür məktubu göndərib
Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir
Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib

Venesiya Komissiyası yüksək peşəkarlardan ibarət çox mötəbər bir qurumdur. Azərbaycan hökuməti hər zaman Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlıq həmişə qarşılıqlı hörmətə əsaslanıb. Bəzən bir-birimizlə razılaşmasaq da, fikirlərimizə, rəylərimizə qarşılıqlı hörmətlə yanaşırıq. Xatırlamıram ki, Komissiya hər hansı bir məsələ ilə bağlı üç aydan tez bu və ya digər rəyə gəlsin. Adətən prosedura əsasən, Azərbaycanla bağlı hər hansı bir qanun layihəsinə dair ilkin rəy hazırlanaraq elektron poçt vasitəsilə bizə göndərilirdi. Azərbaycan tərəfinin fikirləri, arqumentləri öyrənilir və yalnız bundan sonra həmin rəy dərc edilirdi. Lakin referendumla bağlı rəy hazırlanarkən naməlum səbəblərdən bütün bu ənənəvi prosedur qaydaları kobud şəkildə pozulub. Bu prosedurun pozulması ciddi narahatlıq yaratmaya bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair Venesiya Komissiyasının ilkin rəyi ilə bağlı sentyabrın 21-də keçirilən mətbuat konfransında Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Venesiya Komissiyasının bu rəyi AŞPA sədrinin sorğusu əsasında hazırlanıb. Bu sorğu Komissiyaya sentyabrın 6-da təqdim olunub. Azərbaycan tərəfinin dinlənilmə hüququna məhəl qoyulmayaraq, bu rəy cəmi iki həftə sonra Komissiyanın rəsmi saytında dərc olunub. İngilis dilində belə bir ifadə var “Due process”. Bu ifadənin dəqiq tərcüməsi yoxdur. Bu, çox ahəngdar bir anlayışdır, o cümlədən məhkəmə prosesində qarşı tərəfin ittihamdan əvvəl dinlənilməsi hüququnu ehtiva edir. Lakin bu hüquq bu dəfə bizim əlimizdən alınıb. Əslində, bizi fakt qarşısında qoyublar. Referendum Aktının layihəsi barədə Venesiya Komissiyasının rəyində bildirilir ki, sentyabrın 6-da Komissiya Azərbaycan tərəfi ilə əlaqə saxlamağa cəhd edib və bu, baş tutmayıb. Rəsmi bildirirəm ki, bu yalandır. Prezident  Administrasiyası ilə nə sentyabrın 6-da, nə də sonra, nə elektron poçt vasitəsilə, nə də adi telefonla əlaqə saxlanılmayıb. Rəydə qeyd edilir ki, Konstitusiyaya 29 düzəlişdən ibarət referendum aktının müzakirəsi üçün iki ay – 60 gün kifayət deyil. Lakin necə olur ki, iki həftə – 14 gün ərzində həmin 29 düzəlişə dair rəy hazırlanaraq dərc edilir?!
Venesiya Komissiyasının rəyində kifayət qədər qeyri-dəqiqliklərin və kobud səhvlərin olduğunu deyən Şahin Əliyev bildirib ki, misal üçün, rəyin 25-ci bəndində Azərbaycan Konstitusiyasının 159-cu maddəsinə istinad edilir. Halbuki bizim Konstitusiya 158 maddədən ibarətdir.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Komissiya tərəfindən Referendum Aktı layihəsinin insan hüquqları ilə bağlı məğzi dəstəklənir və müsbət qiymətləndirilir. Şahin Əliyev deyib: “Onların əsas narazılıqları müharibə şəraitində olan ölkənin icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət Referendum Aktı qəbul ediləcəyi təqdirdə təsis olunacaq vitse-prezidentlik institutundan gedir. Onların əsas arqumenti ondan ibarətdir ki, təyinatlı vitse-prezidentlik institutu demokratik standartları pozur. Əgər normal müzakirələr keçsəydi və bizim rəyimiz öyrənilsəydi, onlara sual vermək olardı ki, bu demokratik standart harada mövcuddur?! Hansı beynəlxalq sənəddə, hansı aktda bu, əksini tapıb?! Belə standartlar mövcud deyil. Belə standart yoxdur. Onu heç kim tapıb qarşımıza qoya bilməz. Rəydə deyilir ki, Azərbaycan Prezidenti vəzifəsini icra edə bilmədikdə, bu vəzifəni vitse-prezidentlərin yerinə yetirməsi qeyri-demokratikdir. Ona görə ki, təyinatlı vitse-prezident seçkili vəzifə deyil. Həmin ekspertlərə bildiririk ki, hamımızın demokratik dövlət kimi qəbul etdiyi ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətləri vitse-prezidentə keçir. Vitse-prezident bu vəzifəni icra edə bilmədikdə isə siyahı üzrə təyin olunmuş, seçilməmiş nazirlər icra edir. Heç kim bu proseduru qeyri-demokratik adlandırmır. Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların tələbidir. Ona görə ki, Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə iki köməkçisi dövlətimizin başçısının iqtisadi islahatlar siyasətini həyata keçirmək üçün kifayət deyil. İqtisadi islahatlar çox mürəkkəb və məsuliyyətli prosesdir. Bu prosesdə siyasətin sahələr üzrə aparılması tələb olunur”.
Mətbuatda dəfələrlə qeyd olunub ki, Nazirlər Kabineti ölkədə gedən iqtisadi islahatların lokomotivinə çevrilə bilməyib. Bu fikirlə razılaşmaq olar. Ona görə ki, Nazirlər Kabineti uzunmüddətli proseslərdə özünü çox effektiv orqan kimi göstərib və kifayət qədər səmərəli işləyib. Lakin o, hər ay dəyişən iqtisadi şəraitdə, maliyyə siyasətində aparıcı rol oynaya bilməyib. Ona görə ki, Nazirlər Kabinetinin institusional mahiyyəti, strukturu, iş tərzi bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Çevik qərarlar qəbul etmək imkanına malik institut bugünkü həyatın tələbidir.
Şahin Əliyev qeyd edib ki, Referendum Aktının layihəsi ilə əlaqədar Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır. Söhbət layihənin 95-ci prim maddəsindən gedir. Bu maddənin Referendum Aktının layihəsinə salınması heç də kiminsə istəyi ilə baş verməyib. Bu, həyatın tələbidir. Ona görə ki, hər bir kollegial orqanın fəaliyyətində olduğu kimi, parlamentin fəaliyyətində də, şahmatçıların dili ilə desək, pat vəziyyəti yarana bilər. Çünki bu orqanda qərarlar səsvermə yolu ilə qəbul olunur. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş qanun layihələri Konstitusiyanın 96-cı maddəsində nəzərdə tutulmuş müddətdə səsverməyə çıxarılmır. Çox maraqlıdır ki, Venesiya Komissiyası rəyində başqa ölkələrin təcrübəsinə istinad etmir. Ancaq Referendum Aktı layihəsinin 95-ci prim maddəsində parlamentin buraxılması səbəbləri sadalanıb. Bu səbəblər Konstitusiyanın müvafiq maddələrinə əsaslanır: parlament hansı hallarda, hansı vəzifələri icra edə bilmədikdə buraxıla bilər. Referendum Aktının layihəsində bir şərt də irəli sürülüb ki, bu səbəblər aradan qaldırıla bilməyən olmalıdır. Misal üçün, yalnız Fransada prezident Milli Assambleyanı çox asanlıqla buraxa bilər. Fransa Konstitusiyasının yeganə tələbi ondan ibarətdir ki, bu addım atılmazdan əvvəl Prezident Senatın sədri və Milli Assambleyanın sədri ilə məsləhətləşmələr keçirməlidir. Bu məsləhətləşmənin nəticələrinin nəzərə alınıb-alınmaması barədə Fransa Konstitusiyasında heç bir müddəa yoxdur. Bir daha qeyd edirəm ki, referenduma çıxarılan layihədə Azərbaycanda parlamentin buraxılmasının bütün səbəbləri Konstitusiyaya istinad edilməklə bir-bir sadalanır.
Azərbaycan Prezidentinin səlahiyyət müddətinin yeddi ilədək artırılması ilə bağlı Venesiya Komissiyasının rəyindəki iradda bildirilir ki, bununla əlaqədar xarici ölkələrin təcrübəsi kifayət qədər öyrənilməyib. Ancaq unudurlar ki, hazırda İsraildə, Kiprdə, İslandiyada prezidentlər 7 il, Finlandiyada, Avstriyada isə 6 il müddətinə seçilir. 2000-ci ilə qədər Fransada da prezident 7 il müddətinə seçilirdi. Bu dəyişikliyin birinci əsas məğzi ondan ibarətdir ki, parlamentlə prezidentin mandatının müddəti üst-üstə düşməsin. İkincisi, bildiyiniz kimi, Azərbaycan hər beş ilin üç ilini “seçki qızdırması” şəraitində yaşayır. Belə ki, hər beş ilin üç ilində prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Bu vəziyyətdən çıxış yolu olaraq, prezidentin səlahiyyətlərinin 7 ilədək artırılması təklif edilir. 2000-ci ildə Fransada Jak Şirakın təşəbbüsü ilə Fransa Konstitusiyasında prezidentlik müddətinin 7 ildən 5 ilə dəyişdirilməsinin səbəblərini axtararkən yeganə onu tapa bildim ki, o, bu barədə yalnız bu sözləri deyib: “7 il çoxdur, 5 il daha məqbuldur”. Nəyə görə məqbuldur? Bunun heç bir izahı yoxdur.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Venesiya Komissiyasının rəyində digər irad Referendum Aktının layihəsində Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkilərini təyin etmək səlahiyyətinin verilməsinə aiddir. Konstitusiyaya təklif olunan bu dəyişiklik onunla bağlıdır ki, Prezidentin səlahiyyət müddəti 7 il olduğu təqdirdə onun özünəinam votumu üçün xalqa müraciət etmək imkanı olsun. Bu da çox məntiqli haldır.
“Venesiya Komissiyasının fəaliyyəti haqda məlumatlı olan hər kəsdə belə təəssürat yaranır ki, qurum bu rəyi yalnız siyasi sifariş əsasında hazırlayıb. Ona görə ki, bu rəyin tez-tələsik – cəmi iki həftə ərzində hazırlanması belə deməyə əsas verir. Referendum Aktının layihəsi ilk dəfə iyulun 18-də dərc edilib və eyni vaxtda Konstitusiya Məhkəməsinə təqdim olunub. İyulun 18-dən 26-dək hamının, Azərbaycan Respublikasının hər bir vətəndaşının, hər bir təşkilatın layihəyə dair irad və təklif vermək hüququ olub. Lakin AŞPA sədrinin sorğusu nə həmin müddətdə, nə də avqustda deyil, referenduma cəmi 20 gün qalmış Venesiya Komissiyasına ünvanlanıb. Referenduma 20 gün qalmış Venesiya Komissiyasına bununla bağlı sorğunun göndərilməsi və iki həftə ərzində belə şübhəli rəyin hazırlanması yalnız siyasi sifariş kimi izah oluna bilər”, – deyə Şahin Əliyev vurğulayıb.
Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, referendumun elan edilməsi Azərbaycan Prezidentinin Konstitusiyada təsbit olunmuş hüququdur. Onu bu hüquqdan heç kim məhrum edə bilməz. Bir daha vurğulayıram ki, Venesiya Komissiyası bu rəyi hazırlayarkən bizimlə əməkdaşlıq prosedurlarını kobud şəkildə pozub. Oktyabrın 14-15-də Komissiyanın plenar iclası keçiriləcək. Həmin rəy bu iclasda təsdiq edilməlidir. Azərbaycanın rəsmi mövqeyi də həmin plenar iclasda açıqlanacaq. Biz çalışacağıq ki, Azərbaycan hökumətinin mövqeyi rəsmi olaraq Venesiya Komissiyasının sənədi qismində həmin rəyə əlavə edilsin.
Sonda jurnalistlərin sualları cavablandırılıb.