Seçki komissiyalarının formalaşdırılmasında müxtəlf ölkələrin təcrübəsi

Avstraliyalı jurnalist ölkəsinin vətəndaşlarını Azərbaycana səyahətə dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən ən böyük yarımstansiya yenidən qurulur

(əvvəli ötən buraxılışlarımızda)

Sloveniya 
Seçki komissiyaları dörd il müddətinə, seçki komitələri hər seçki üçün ayrıca olaraq, təyin edilir. Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Milli seçki komissiyası;
2) Dairə seçki komissiyası;
3) Ərazi seçki komissiyaları
Milli seçki komissiyası parlament tərəfindən təyin olunur. Milli seçki komissiyası sədr, beş üzv və onların əvəzedicilərindən ibarətdir. Milli seçki komissiyasının sədri və onun müavini Ali Məhkəmənin hakimləri arasından təyin edilir. Komissiyanın iki üzvü və iki əvəzedicisi hüquq ekspertləri arasından təyin olunur. Komissiyanın üç üzvü və üç əvəzedicisi siyasi partiyaların proporsional təmsilçiliyi nəzərə alınmaqla deputat qrupunun təklifi əsasında təyin edilir.
Dairə seçki komissiyaları milli seçki komissiyası tərəfindən təyin olunur. Dairə seçki komissiyaları sədr, üç üzv və onların əvəzedicilərindən ibarət olur. Dairə seçki komissiyasının sədri və onun müavini hakimlər arasından təyin edilir. Komissiyanın bir üzvü və bir əvəzedicisi hüquq ekspertləri arasından təyin olunur. Komissiyanın iki üzvü və iki əvəzedicisi siyasi partiyaların proporsional təmsilçiliyi nəzərə alınmaqla deputat qrupunun təklifi əsasında təyin edilir. Milli icmanın deputatının seçkisi üzrə xüsusi dairə seçki komissiyasının ən azı bir üzvü həmin icmanın üzvü olmalıdır.
Ərazi seçki komissiyaları milli seçki komissiyası tərəfindən təyin olunur. Ərazi seçki komissiyası seçki ərazisi üçün təyin edilir. Ərazi seçki komissiyaları sədr, üç üzv və onların əvəzedicilərindən ibarət olur. Ərazi seçki komissiyasının sədri hakimlər, onun müavini isə digər hüquqşünaslar arasından təyin edilir. Komissiyanın digər üzvləri siyasi partiyaların proporsional təmsilçiliyi nəzərə alınmaqla deputat qrupunun təklifi əsasında təyin edilir. Ərazidəki yerli icmaların nümayəndə orqanları ərazi seçki komissiyalarının üzvləri və onların əvəzedicilərinin təyinatı ilə bağlı təklif irəli sürə bilər. Parlamentə seçilmiş siyasi partiyaların təkliflərinin sayı az olduqda, komissiya üzvləri və onların əvəzediciləri dövlət orqanları və yerli orqanların rəsmiləri tərəfindən müəyyənləşdirilir.
İtalyan və macar milli icmalarının deputatlarının seçkisi üçün xüsusi seçki dairələri üzrə seçki komissiyaları təyin olunur.
Seçki orqanı sədr, üzvlər və onların əvəzedicilərindən (bundan sonra üzvlər) ibarətdir. Milli seçki komissiyasının sədri və onun müavini konstitusiya məhkəməsinin sədrinin məvacibinin maksimum dörddə biri, milli seçki komissiyasının digər üzvləri isə konstitusiya məhkəməsinin sədrinin məvacibinin maksimum altıda biri məbləğində kompensasiya alırlar. Seçki keçirilməyən dövrdə milli seçki komissiyasının sədri konstitusiya məhkəməsinin sədrinin məvacibinin 10%-i, milli seçki komissiyasının sədr müavini isə konstitusiya məhkəməsinin sədrinin məvacibinin 5%-i məbləğində müavinət alır.
Seçki orqanının bütün üzvləri və ya onların əvəzediciləri iştirak edirsə, bu, yetərsay hesab olunur. Seçki orqanında iştirak etməyən üzvün yerinə onun əvəzedicisi iştirak edirsə, bu, yetərsay hesab olunur. Sədr yalnız öz müavini tərəfindən əvəz oluna bilər. Seçki orqanı bütün üzvlərin səs çoxluğu əsasında qərar qəbul edir. Əgər “lehinə” və “əleyhinə” olan səslər bərabərdirsə, seçki orqanının sədri həlledici səsə malikdir. Əgər seçki orqanı seçkilərin keçirilməsi üçün vacib olan qərarı zamanında verə bilməyibsə, qərarı seçki orqanının sədri verir.