“Sözügedən “konstitusiya islahatları”nın heç bir qanuni əsası yoxdur”

Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq – ŞƏRH
Ölkəni qarışdıran fotonun sirri: Həyatı gətirməyən Həyatın taleyi
“Şuşa boşdur…” – Heç kəsin danışmaq istəmədiyi 3 fakt

Elman Məmmədov: “Separatçıların Azərbaycanın tarixi torpaqlarında “referendum” keçirməsi heç kim tərəfindən qəbul olunmur”

Aydın Mirzəzadə: “Bəzi beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiqlər göstərmir”

Mübariz Əhmədoğlu: “Ermənilərin bu “referendum”u əks effektlə nəticələndi”

İşğalçı Ermənistan təxribatçı əməllərini davam etdirir. Dünən separatçıların təşkil etdiyi növbəti tamaşa – “referendum” dünyada qeyri ciddi addım kimi qarşılansa da buna qarşı tutarlı cavab verməyimiz şərtdir. Ermənilər bu addımla əslində çətin durumda olduqlarını nümayiş etdirir, özlərini ifşa edirlər. Dağlıq Qarabağa qanunsuz səfər etmiş Rusiya, İsrail və Ukrayna vətəndaşı olan blogger Aleksandr Lapşinin Belorusiyada həbs olunaraq Azərbaycana ekstradisiyası erməniləri çətin və biabırçı duruma saldı. Eyni zamanda, Dağlıq Qarabağa təşkil olunan səfərlər üzərindən apardıqları diplomatiya fiaskoya uğradı. Onlar həm də “referendum”la bunun qisasını almağa çalışırlar. Amma bu addım tünd sirkənin öz qabını çatlatmasından başqa bir şey deyil.
Amma onlar bununla həm də “referendum”la “status-kvo”nu saxlamağa çalışır və danışıqlar prosesinə zərbə vurmaqla öz istəklərinə nail olmaq istəyirlər.
Görünən isə odur ki, separatçılar beynəlxalq dəstək qazana bilmədi. Bir çox dövlətlər bəyanat verərərk “referendumu” tanımadıqlarını bildirdilər.
Bunlara misal olaraq Pakistan, Türkiyə, Norveç və digər ölkələri göstərə bilərik.
Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand bildirib ki, Pakistan işğal edilmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və buna görə də həmin ərazidə keçirilən istənilən “referendum” qanuni ola bilməz: “Rəsmi İslamabad həmişə münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyib. Pakistan xalqı və hökuməti qardaş ölkə olan Azərbaycana birmənalı dəstəyini davam etdirəcək və hər hansı bu kimi “referendumu” tanımayacaq”.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendumla” bağlı bəyanat yayıb.
Necdet Ünüvar qeyd edir ki, bu addım sülh danışıqlarına güclü zərbə vurur. “Bu qanunsuz “referendumun” nəticələri Türkiyə tərəfindən tanınmayacaq”, – deyə Ünüvar bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendumu” pisləyən bəyanat yayıb.
Norveçin Azərbaycandakı səfirliyinin bəyanatında isə bildirilir ki, beynəlxalq ictimaiyyətin digər üzvləri kimi, Norveç də qondarma “Dağlıq-Qarabağ Respublikası”nın müstəqilliyini tanımır: “Eyni “referendum”u da tanımır. Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.
ATƏT-in Misnk qrupu “referendum”u tanımadğı ilə bağlı bəyənat yayıb.
Göründüyü kimi separatçı addım əks effekt verib və eyforiyaya qapılaraq Azərbaycana diplomatik cavab vermək istəyən ermənilər əslində özlərinin çətin duruma salıb.

“Cinayətkarlar qanun qarşısında cavab verəcəklər”

Millət vəkili Elman Məmmədov bildirib ki, qondarma “DQR” bu günə kimi heç bir dövlət və qurum tərəfindən tanınmayıb: “Bu baxımdan tanınmayan separatçı, cinayətkarlar tərəfindən yaradılan bir qurumda “referendum”un keçirilməsi həm Azərbaycan, həm beynəlxalq qanunlara, həm də BMT-nin nizamnaməsinə ziddir”. Onun sözlərinə görə, sözügedən “konstitusiya islahatları”nın heç bir qanuni əsası olmadığı üçün legitim sayıla bilməz: “Cinayətkarlar, separatçıların Azərbaycanın tarixi torpaqlarında “referendum” keçirməsi heç kim tərəfindən qəbul olunmur və tanınmır. Lakin bütün Azərbaycan bu cür halların qarşısının alınması üçün müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir, bəyanatlar verir ki, onlar bunun qarşısını alsınlar. Sülhdən danışan beynəlxalq qurumlar xüsusilə də ATƏT-in Minsk qrupu bunun qarşısını almalıdır. Lakin onlar heç bir addım atmadıqda, Azərbaycan məcbur olub öz hərbi gücündən istifadə edərək, həmin cinayətkar separatçı qurumu ləğv edəcək. Belə olduqda onların qəbul etdiyi bütün qərarlar ləğv olunacaq və cinayətkarlar qanun qarşısında cavab verəcəklər”. E. Məmmədov əlavə edib ki, beynəlxalq təşkilatlar Ermənistanı susdurmaq əvəzinə, 25 ildir ki, himayə edirlər: “Bu azmış kimi, onlar bizim ərazimizdə fəaliyyət göstərən cinayətkar separatçı qurumu müdafiə edir, onlara yardım ayırmaqla onun ömrünün uzadılmasına kömək edirlər. Belə olan halda, onlar Azərbaycanı bu himayədarlığın üzərindən xətt çəkib, öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi gücdən istifadə etməyə təhrik edəcəklər”.

“Separatçıların təxribatlarına göz yumurlar”

Millət vəkili, politoloq Aydın Mirzəzadə deyib ki, bəzi beynəlxalq təşkilatlar erməni separatçılarının təxribatlarına göz yumurlar. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ikili standart siyasəti yürüdürlər. Deputat bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı inzibati idarəetməni qanusuz referendum keçirməklə beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışır: “Ermənilərin 26 il əvvəl işğal etdiyi əraziləri “müstəqil” kimi beynəlxalq ictimaiyyətə göstərmək cəhdləri boşa çıxıb, amma onlar hələ də bundan bir siyasi nəticə çıxarmayıblar. İndi də işğal etdikləri Azərbaycan torpaqlarında “referendum” keçirməyə cəhd edirlər. ATƏT-in Minsk qrupu və bir neçə beynəlxalq təşkilat bəyanatlar verərək “referendum”u tanımadıqlarını bildiriblər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiqlər göstərmir, ikili standartlar yürüdürlər. Bu prosesdə özünü görməməzliyə vurmaq beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək”.

Emosional parametr

Politoloq Mübariz Əhmədoğlu vurğulayıb ki, Dağlıq Qarabağdakı qondarma qurumda keçirilən “referendum”un 2 əlaməti üzdədir: “Biri emosional parametrdir. Adətən seçki bazar günü keçirilir. Lakin fevralın 20-si bazar ertəsinə düşdüyü üçün ermənilər “referendum”u bu gün keçirmək qərarına gəliblər. 20 fevral ermənilər üçün vacib tarixdir. Çünki 1988-ci ildə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşməsi haqda qərar qəbul ediblər”. O qeyd edib ki, ikinci tərəfdən, Dağlıq Qarabağda “referendum”la bağlı təbliğat – təşviqat aparılmadı: “Belə çıxır ki, “referendum”u xarici müşahidəçilər üçün keçirirlər. Ermənilərin bu “referendum”u əks effektlə nəticələndi. Həmsədrlər bəyanatlarında elə məqamı üzə çıxartdılar ki, bu ermənilər üçün arzuolunmazdır”. Politoloq xatırladıb ki, həmsədrlər bu dəfə xüsusi olaraq qeyd etdilər ki, bu “referendum” Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə təsir edə bilməz. Yəni Dağlıq Qarabağ erməniləri, Ermənistan özü təkbaşına status müəyyən edə bilməz. Azərbaycanlıların iştirakı ilə bu status müəyyən edilməlidir. M. Əhmədoğlu bildirib ki, həmsədrlərin bəyanatında bu çox vacib məqamdır: “Həmsədrlər bildirdilər ki, Dağlıq Qarabağın müstəqilliyini Ermənistan və Azərbaycan tanımır. Onlar əvvəllər deyirdilər ki, Ermənistan Qarabağın müstəqilliyini tanımadığı üçün digər dövlətlər də tanımayacaq. Amma indi Azərbaycanı da əlavə ediblər. Bu o deməkdir ki, ermənilər başa düşsün ki, Qarabağın müstəqil olması üçün onun Azərbaycan tərəfindən tanınması vacibdir. Azərbaycan isə heç vaxt bu müstəqilliyi tanımaz”.
Politoloqun fikrincə, ermənilər istəyir ki, ABŞ tipli prezidentli respublika sisteminə keçsinlər. Yəni prezidentin parlamentlə hesablaşmadan orduya əmr vermək səlahiyyəti olsun: “Dağlıq Qarabağın öz ordusunda əsgərlərin sayı 2000-dən çox deyil. Ermənistandan 20 minlik ordu gəlib. Əlavə də 20 minlik ekspedisiya ordusu var. Bu da cəmi 40-43 minlik ordu deməkdir. Həmin orduya əmr vermək səlahiyyətini ” resident” Bako Sahakyana verəcəklər”.
M. Əhmədoğlunun sözlərinə görə, hazırda Qarabağda vəziyyət gərgindir: “Ermənistan prezidenti Serj Sarkisyan başqa adama etibar etmir. Dağlıq Qarabağ ermənilərinin bir qrupu Ermənistan hakimiyyətindən narazıdır. Bir qrup isə Azərbaycanla əlaqələr qurmağa cəhd edir. Sahakyan getsə, həmin qüvvələr Sarkisyanın nəzarətindən çıxacaqlar”. Politoloqun fikrincə, bu addımları atmaqla Ermənistan müharibəyə hazırlaşır.

Prinsipial məsələ…

Millət vəkili Fəzail İbrahimli bildirib ki, qondarma Dağlıq Qarabağ dünya tərəfindən qəbul olunmayan, ancaq özfəaliyyət müstəvisində qurulan oyuncaq dövlətdir. Onun sözlərinə görə, bu qurum hakimiyyətə gələndə orada yaşayan insanlara böyük vədlər verib: “Zamanla orada yaşayan insanlara çox böyük xöşbəxtliklər vəd ediblər. Zaman keçdikcə bu məsələlərin yalan olduğu üzə çıxdı. Orada yaşayan insanlar daha çox bədbəxtliyə düçar olduqlarını anladı və dünyadan, regiondan kənar bir həyat yaşadıqlarını, maddi durumlarının çox aşağı olduqlarını görürlər. Bu da hakimiyyətin laxlaması və ordakı qurumun imtinasına gətirib çıxarda bilən ciddi səbəblərdir. Ona görə də belə keçirilən referendumlar, atılan addımlar hamısı daxilə hesablanmış və xalqın başını aldatmaq üçündür. Guya, bu ayrıca bir qurumdur, müstəqil siyasət yeridir və s. Əgər hətta Qondarma Dağlıq Qarabağı və onun arxasında dayanan o cinayətkar qrupun özü, yəni Ermənistan tərəfindən bunu rəsmi tanınması yoxdursa, artıq bu müzakirə tələb etmir. Dünyada gedən proseslər, siyasi özbaşınalıq, Azərbaycana qarşı ikilistandart işğal tarixini uzadır. Onlar da bundan istifadə edir. Güman edirəm ki, bunların heç biri onların nəzərdə tutduqlarını ödəməyəcək.”
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycan XİN artıq qollarını çırmalayıb işə başlamalıdır: “Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə Dağlıq Qarabağdakı “referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın müşahidəçi izləyir. Əlbəttə istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu “referendum”da müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir”.

Əli Zülfüqaroğlu

http://xalqcebhesi.az/news.php?id=19164
 
Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb.