Sudanın “əl-Ray əlamm” qəzeti Azərbaycandan yazıb

Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
Elxan Süleymanov: “Zəfərlə başa çatan Vətən Müharibəsi yeni ictimai-siyasi ənənələrin də əsasını qoydu”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir

Sudanın media və turizm sektorlarının nümayəndələri ilə birlikdə Azərbaycanda səfərdə olan jurnalist Fəth ər-Rəhman Şabariqə təəssüratlarını oxucuları ilə bölüşüb.

AZƏRTAC xəbər verir ki, Sudanın geniş oxucu auditoriyasına malik “əl-Ray əlamm” (İctimai rəy) qəzetinin siyasi məsələlər üzrə baş redaktoru Şabariqə məqaləsində Azərbaycanın Xarici İşlər Nazirliyində və Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) keçirdikləri görüşlərin maraqlı məqamlarla yadda qaldığını bildirir.

Müəllif yazır ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüşdə Sudan nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən inkişaf prosesləri, ölkə siyasətinin prioritetləri, Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırılıblar. Sudanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirən H.Hacıyev bu səfərin ölkəmizlə yaxından tanışlıq üçün yaxşı fürsət olduğunu bildirib.

Jurnalist Şabariqə sudanlı nümayəndələrlə AZƏRTAC-da keçirilmiş görüşdən də bəhs edir. O yazır ki, baş direktor Aslan Aslanov agentliyin keçdiyi tarixi yoldan, onun beynəlxalq əlaqələrindən danışıb, AZƏRTAC-ın Sudanın media təşkilatları ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Məqalədə, həmçinin ölkəmizin turizm imkanlarından danışılır, Yanardağın, Qəbələnin və maraqlı tarixi-mədəniyyət abidələrinin, turizm məkanlarının sudanlı nümayəndələrdə xoş təəssürat yaratdığını qeyd edib.