“WorldBuild Baku 2017” sərgisində 28 ölkədən 300-dən çox şirkət iştirak edəcək

Nazirlik: İşçilər martın 1-dək elektron informasiya sisteminə daxil edilməlidir
Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisində dünyanın 28 ölkəsindən 300-dən çox şirkət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 17-də sərginin açılışı ilə bağlı keçirilən mətbuat konfransında “ITE Group ” şirkətinin icraçı direktoru Edvard Stroon deyib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu il ilk dəfə olaraq “WorldBuild Baku 2017” sərgisini rəsmi olaraq dəstəkləyir.

Edvard Stroon vurğulayıb ki, builki sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində xarıcı şirkətlərlə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları tədbirdə geniş tərkibdə iştirak edir.

Sərgi bu il inşaat materialları, keramika, üzlük daşlar, mərmər, qapı-pəncərə, interyer məhsullarının geniş çeşidini əhatə edir. Lak-boya sektoru isə həm yerli, həm də xarici şirkətlər tərəfindən geniş şəkildə təqdim ediləcək. Sərgidə otaq və giriş qapılarının, eləcə də bağ evləri və ofislər üçün metal və avtomatik açılıb-bağlanan qapıların geniş çeşidi ilə tanış olmaq mümkündür. Ənənəvi olaraq, sərgidə dam materialları və taxta emalı məmulatları geniş təqdim edilir.

Edvard Stroonun sözlərinə görə, sərginin təşkili İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mənzil İnşaatı Dövlət Agentliyinin dəstəyi ilə mümkün olub.

Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib ki, oktyabrın 18-də açılacaq XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi ölkəmizin iqtisadi həyatında olduqca böyük rol oynayır. “Sərgi hər il həm həcm baxımından, eləcə də, iştirakçı ölkələrin coğrafiyası baxımından böyüməkdə davam edir və dünyanın ən nüfuzlu biznes dairələrinin Azərbaycana marağını getdikcə artırır. Builki sərgidə Azərbaycan şirkətləri ümumi iştirakçıların 40 faizini təşkil edir. Bu çox önəmlidir və Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən yerli iş adamlarının uğurunun bariz göstəricisidir.

A.Quliyev həmçinin diqqətə çatdırıb ki, bu ildən etibarən MİDA “ITE Group ” şirkətinin VƏ “Iteca Caspian” MMC-nin

təşkilatçılığı ilə keçirilən layihəyə öz dəstəyini göstərəcək. “WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli vasitələrdən biridir.

Sərgi təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və digər qurumların birgə əməkdaşlığının Azərbaycanda tikinti sektorunun inkişafına öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə qeyd olunub ki, regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgisi – “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan üç sərgi – Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, X Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Aquatherm Baku 2017 və X Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “SECURIKA CASPIAN 2017” sərgiləri, Bakı Ekspo Mərkəzinin iki salonunu əhatə edəcək.

Oktyabrın 20-də isə sərgidə Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xüsusi “VIP” tur təşkil olunacaq.

Sərgi oktyabrın 18-dən 21-nə kimi Bakı Ekspo Mərkəzində keçiriləcək.