XİN: Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı sistematik işğalçılıq siyasətinin tərkib hissəsidir

Bakıda Maliyyə və Texnologiyalar Sammiti işə başlayıb
Ələtdə fəaliyyət göstərəcək Azad Ticarət Zonası 130 milyon nəfərlik bazara xidmət edəcək
Şuşada ilk uşaq tədbiri keçirilib

Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir.

Bu sözlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar yaydığı açıqlamada bildirilib.

Açıqlamada deyilir: “Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu Ermənistan tərəfindən gücdən istifadə edilməklə işğal edilib. İşğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.

26 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər, xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mənəvi və mədəni irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natəvanın evi və sair digər abidələr vardır.

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.

Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq.

Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şuşa şəhərinin azərbaycanlı sakinləri öz tarixi şəhərlərinə mütləq qayıdacaqlar və Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək”.

Bakı, 8 may, AZƏRTAC